“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə
“AzerGold” QSC-nin təşəbbüsü və dəstəyi ilə Daşkəsən rayonunun ucqar Quşçu kəndinin mərkəzində kitab köşkü quraşdırılıb.
Cəmiyyətin hasilat fəaliyyəti apardığı bölgədə bu günə qədər icra etdiyi “Kitab sovqatı”, “Uşaq kitab dostu” kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamı olan “Kitab köşkü” ətraf kənd sakinləri, xüsusilə uşaq və yeniyetmələr arasında mütaliə vərdişlərinin formalaşmasına, asudə vaxtın səmərəli təşkilinə və kitabın kütləvi şəkildə təbliğinə dəstək göstərilməsinə xidmət edir.
Günün 24 saatı ərzində kənd sakinlərinin sərbəst şəkildə kitabları əldə etməsinə imkan yaradan “açıq kitabxana” tipli kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı inciləri, həmçinin biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibda dərc edilmiş ən yeni kitablar təqdim olunur. Oxucular seçdikləri kitabı mütaliə etdikdən sonra geri qaytarıb digər kitablardan bəhrələnəcək, bununla yanaşı, paylaşmaq istədikləri nəşri köşkə hədiyyə etməklə digər oxucuların da mütaliə etmələrinə imkan yaradacaqlar.
Köşk rübdə bir dəfə yeni nəşrlərlə yenilənəcək. Qeydiyyat əsasında ən çox kitab mütaliə etmiş oxuculara Cəmiyyət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunacaq.