"Hizbullah" İranın tərəfində yeni müharibəyə qoşulmağı planlaşdırmır
“Şiə təşkilatı "Hizbullah" İran və ABŞ arasında yeni qarşıdurma yaranacağı təqdirdə İsrailə qarşı hərbi əməliyyatlardan çəkinəcək”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Livan birpalatalı parlamentinin spikeri Nəbih Bərri bəyan edib.
"Hizbullah" bu dəfə İran tərəfində münaqişəyə cəlb olunmayacaq, bu mövqe respublika prezidenti Cozef Aunun diqqətinə çatdırılıb", - deyə siyasətçi vurğulayıb.
Siyasətçinin sözlərini "Naharnet" xəbər portalı sitat gətirib.
2 mart 2026-cı ildə hərbi eskalasiya başlayandan Nəbih Bərri “Hizbullah”la Livan hökuməti arasında vasitəçi rolunu oynayıb. Onun yaxın ətrafından olan mənbələr portalı məlumatlandırıblar ki, təşkilatın müharibəyə qoşulmamaq qərarına İsrail bombardmanlarından ciddi zərər görən Livanın cənubundakı şiə icmasının ağır vəziyyəti təsir edib.
Mənbələrin fikrincə, “Hizbullah” yenidən müharibəyə qoşularsa, öz tərəfdarlarının mənfi reaksiyası ilə üzləşə bilər. Bu ehtimal təşkilatın daha ehtiyatlı mövqe tutmasına səbəb olub. “Əşarq Əl-Əvsət” qəzetinin məlumatına görə, “Hizbullah”ın bu qərarı İran rəhbərliyi ilə razılaşdırılıb.
Oktyabrın 14-16-da Beyruta səfər edən İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Nəbih Bərriyə bildirib ki, Tehran ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda şiə döyüşçülərindən qeyri-bərabər münaqişəyə qoşulmağı tələb etmək niyyətində deyil.
Nəşrin Xətibzadədən gətirdiyi sitata görə, İran təkbaşına müqavimət göstərmək iqtidarındadır və düşmənin məqsədlərinə çatmasının qarşısını almaq üçün mümkün yeni hücuma hazırlıq sahəsində əhəmiyyətli irəliləyiş əldə edib.
Aişə