Azərbaycanı xilafətlə hədələyən jurnalist saxlanıldı – Bakı onu “arzuolunmaz şəxs” elan etmişdi
Konsulluğumuz qarşısında Azərbaycan rəhbərliyini hədəfə alan bəyanatı oxuyan “Köklü Değişim” təmsilçisi İstanbul polisində
Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi Muhammed Emin Yıldırım saxlanılıb. O, Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında keçirilən aksiyada ölkə rəhbərliyinə qarşı təhqir və təhdidlər ehtiva edən bəyanatı oxuması ilə gündəmə gəlmişdi.
Musavat.com Türkiyənin “Cumhuriyet”, “Karar” və “Mepa News” nəşrlərinə istinadən xəbər verir ki, Yıldırım oktyabrın 26-da sosial şəbəkə paylaşımları ilə əlaqədar İstanbul polisi tərəfindən saxlanılıb. “Köklü Değişim” saxlanılma xəbərini təsdiqləyib və hüquqi prosesin vəkil vasitəsilə izlənildiyini bildirib.
Yıldırımın adı Azərbaycana qarşı keçirilən aksiyalarda da önə çıxıb. “Köklü Değişim”in öz saytında yayımladığı məlumata görə, oktyabrın 13-də qurumun çağırışı ilə Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı konsulluğu qarşısında aksiyalar təşkil olunub. Ankarada bəyanatı Abdullah İmamoğlu, İstanbulda isə Muhammed Emin Yıldırım oxuyub.
Həmin bəyanatda məktəbli geyimi ilə bağlı məsələ üzərindən Azərbaycan Prezidenti İlham Əliyevə qarşı təhqiramiz ittihamlar səsləndirilib, ölkənin dünyəvi idarəçiliyi hədəfə alınıb. Azərbaycan rəhbərliyi gələcəkdə “Raşidi xilafət dövləti” qurulduqda məsuliyyətə cəlb olunacağı ilə hədələnib. Aksiyalarda xilafəti yeganə həll yolu kimi təqdim edən şüarlar da səslənib. Bunlar təşkilatın özünün yayımladığı hesabatda yer alır.
Musavat.com-un qiymətləndirməsinə görə, dini mövzu üzərindən Azərbaycanın dünyəvi dövlət quruluşunu hədəfə almaq, ölkə rəhbərliyini xilafət adından hədələmək açıq siyasi müdaxilə mahiyyəti daşıyır. Jurnalist statusu belə çağırışların siyasi məzmununu aradan qaldırmır.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 21-də Yıldırım da daxil olmaqla 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan edib və onların ölkəyə girişini qadağan edib.
XİN qərarı həmin şəxslərin Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönəlmiş açıqlamaları ilə əsaslandırıb. Nazirliyin məlumatında hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar, dini radikalizm zəminində zorakılığın, nifrət və düşmənçiliyin təşviqi də qeyd olunub.