Elektron və yaənənəvi kitabxanalar. Oxucu hansını seçməlidir?!
İtalyan tarixçi-alimi O. Pinto Abbasilər dövrünün bir-birinə bənzər Şərq kitabxanalarında etik davranış qaydaları haqqında yazırdı: “Adətən kitabxanaların çoxlu otaqları olardı. Döşəməyə xalı və kilimlər salınardı. Gələnlər kitabları bardaş qurub oxuyardılar. Kitabdarlar xoşrəftar olar, nəzakətli davranardılar. Oxucunu kitabxanadan uzaq salmaq bir kitabdar üçün yaxşı hal sayılmazdı. Əgər daimi oxucu bir müddət sonra kitabxanaya gəlməzdisə, kitabxana nümayəndəsi bunun səbəbini öyrənmək üçün həmin şəxsə ya məktub göndərər, ya da evinə gedərdi”.
Bu gün isə kitabxanalarda vəziyyət tamam başqadır. Kağız kitablar bizə nə qədər estetik və mənəvi zövq versə də dövrümüzdə oxucular daha çox internetdə kitab oxumağa və axtarış aparmağa üstünlük verirlər. Ancaq ənənəvi media kimi ənənəvi kitabxanaların da populyarlığını itirdiyini və tədricən məhvə məhkum olduğunu söyləmək düzgün deyil. Hər bir kitabxana formatının (elektron və ya fiziki) özünəməxsus xüsusiyyətləri var ki, bu da onların bir-birilə uğurla rəqabət aparmasına imkan verir.
Elektron kitabxananın əsas üstünlüyü odur ki, orada kitab oxumaq üçün heç yerə getmək lazım deyil, o həmişə bizim üçün əlçatandır: xüsusilə də soyuq havalarda, yağış və qar fırtınası zamanı, gecə və həftəsonları. Kitabların seçimi olduqca asan və sərbəstdir. Baxmayaraq ki, məlum səbəblərə görə onların əksəriyyəti müasir nəşrlərdir. Xərclər isə minimumdur – demək olar ki, bütün elektron kitablar pulsuz və ya kağız kitaba nisbətdə xeyli ucuzdur. Onlayn kitabxana istənilən sayda kitabı ən qısa zamanda əldə etmək və uzun müddət azad istifadə imkanıdır.
Rəqəmsal kitabxanaların təməlində yatan prinsipin kökləri qədim dövrlərə gedib çıxır. Bu prinsipi İsgəndəriyyə Kitabxanasının adına uyğun olaraq İsgəndəriyyə adlandırırlar. “Burada mahiyyət ondan ibarətdir ki, yazıya alınan informasiya bir yerdə maddi obyekt (sənəd) şəklində saxlanılır, hər kəs ona giriş imkanına malikdir və lazım olduqda onu köçürə bilər. Ancaq bu prinsip Qutenberqin (ənənəvi kitabxanalar) prinsipinə ziddir. Qutenberq prinsipinə görə məlumat müəyyən sayda eyni maddi obyektlər (sənədlər) şəklində tirajlanır, nüsxələri müxtəlif yerlərdə saxlanılır və hər kəsin fərdi nüsxələrə çıxışı mümkündür. Xüsusilə, ehtiyac olduqda onları satın almaq olar. Lakin Qutenberq kitab çapını ixtira etdiyi dövürdə yeni informasiya paradiqmasına real keçid yalnız müasir informasiya texnologiyalarının inkişafı ilə mümkün olmuşdur. Qəribədir ki, ilk kütləvi elektron kitabxanalardan biri məşhur çap ustasının adını daşıyır.
Müasir dövrdə internetdə elektron kitabxanaların sürətli və xaotik artımı tənzimlənmə tələb edir. Lakin bu məhdudiyyət və ya senzura cəhdi kimi başa düşülməməlidir. Azadlıq internetin əsas üstünlüyüdür. Xüsusilə dövlət artıq elektron kitabxanaların yaranmasında maraqlıdır və onların yaradılmasına yatırım edir. Müasir kitabxanalar öz xidmətlərini rəqəmsallaşdırmağa cəhd edirlər. Hər kəs burada öz kitabxanasını istədiyi kimi qurmaq hüququna malikdir. Hər bir kitabxanaçı həm rəssam, həm naşir, həm də mədəniyyət emissarı hesab olunur. Lakin müəyyən struktur və iyerarxiya olmadan hər bir iş qeyri-stabil olur.
Bu gün ənənəvi kitabxanalar elektron kitabxanalarla rəqabət etməli olur. Zamanın tələbi kimi demək olar ki, indi hər kəsin kompüteri və internetə çıxış imkanı var. Ona görə də üstünlük elektron kitabdan istifadəyə verilir. Bir çox “mütəxəssislər” yaxın 15 il ərzində kağız kitabların yox olacağı qənaətindədir. İl keçdikcə elektron kitablar daha çox istehsal olunur. Kağız kitabları isə skan etmək lazım gəlir. Bəziləri isə bir müddət sonra onların tamamilə yox olacağı qənaətindədirlər.
Tədqiqatçılar elektron texnologiyaların gənclərin informasiya mənbələri ilə işləmək bacarıqlarına və tələbələrin təhsilinə bir sıra mənfi təsirlərini qeyd edirlər. Müasir tələbələr tez-tez kitabxanaların sorğu-informasiya xidmətlərinə müraciət edərkən yalnız məlumat tapmağı deyil, informasiyanı elektron formada tapmağı tələb edirlər.Yeni nəsil peşəkar kitabxanaçıdan onlara lazım olan məlumatı müstəqil formada axtarış aparacaqları mənbəni necə tapmaq yerinə, tələb olunan informasiyanı hazır istəyir. Əgər tələbə ona lazım olan kitabı sərlövhəsinə və ya müəllifə görə kitabxana kataloqunda və ya biblioqrafik məlumat bazasında dərhal tapmırsa güman edir ki, bu kitab və ya müəllif yoxdur (onu inandırmaq isə əksərən olduqca çətin olur). Artıq insanların bir zərrə bilik üçün biblioqrafik göstəriciləri, kitabxanaların sorğu aparatlarını saatlarla axtardığı günlər arxada qalıb. Bununla əlaqədar müəllimlər onu da qeyd edirlər ki, gənc nəsil kağız üzərində kitab oxumaqdan elektron kitablara keçir, onlar söz ehtiyatını itirir və düşüncələrini aydın ifadə etmək baxımından 10-15 il əvvəlki yaşıdlarından geri qalırlar. Ali təhsil müəssisələri tələbələrinin elmi-tədqiqat işlərinin keyfiyyəti son 10 ildə sürətlə azalır. Tədqiqatçılar həmçinin ali məktəbdə birinci kurs tələbələrinin fikirlərini yazılı şəkildə ifadə etməkdə, eyni zamanda kurs işlərində orijinal ideyalar, sitatların təhlili qabiliyyətində müşahidə edilən geriliyi həyəcanla qeyd edirlər.
Onu da qeyd edək ki, kağız kitabdan oxuyan oxucular daha gec yorulur və oxuduqları hər hansı mətni elektron kitab oxuyanlardan daha yaxşı qavrayır və yadda saxlayırlar. Çap kitabları səhifələri çevirdikcə oxucuya irəliləmə duyğusu verməklə yanaşı, oxuduğu məlumatı daha yaxşı qavramaq üçün öyrənmənin açarı olan diqqəti də təmin edir. Məsələn, mobil vasitələrdə oxuyan zaman gələn mesaj, zəng, sosial şəbəkələrlə olan bağlılıq diqqəti yayındırır, mütaliə marağını azaldır. Ancaq “canlı kitab” oxuyarkən ətraf aləmdən tamamən təcrid olunuruq. Hər kəsə yaxşı məlumdur ki, gecələr kitab oxumaq rahat yuxuya kömək edir. Ancaq elektron vasitələrin mavi işığı insan beyninə qıcıqlandırıcı təsir göstərir ki, əksinə bu da yuxusuzluğa səbəb ola bilir.
Elektron kitabları daha asan əldə etməyə alışmış gənclər kitabxanaya getmək istəmirlər. Bu məsələyə ciddi yanaşılmaması ənənəvi kitabxanaların cəmiyyətdə rolunu azaldır. Əgər onlar zamanın tələblərinə cavab verə bilən hansısa formasiyalara - deyək ki, müzakirə meydançalarına, mədəniyyət mərkəzlərinə çevrilsələr, onların rolu fərqli olacaq. Ən əsası isə kitabxanalar qorunub saxlanılacaq.
“Canlı kitab” oxumağı sevənlər üçün ənənəvi kitabxana çox rahat və sərfəli bir yerdir. Lakin kitablar ildən-ilə bahalaşır və çoxlarının sadəcə olaraq onları almaq imkanı yoxdur. Ölkəmizdə kitab mağazalarında müxtəlif janrları və cərəyanları təmsil edən çoxlu kitablar var, lakin əhalinin alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən onların əhəmiyyətli bir hissəsi satılmır. Kitabların baha olması, prinsipcə, qlobal tendensiyadır. Avropada kitabların qiymətləri bizdən üç-beş dəfə bahadır. Belə ki, iri çaplı nəşriyyat işi ilə tanınan Almaniyada bir bestseller 30-40 avroya başa gəlir. Əbəs yerə deyil ki, bu gün Avropanın ən çox mütaliə edilən ölkəsi olan İsveçdə hətta varlı ailələr də evdə kitab kolleksiyalarını nadir hallarda tamamlamağa müvəffəq olurlar. Populyar nəşrlər üçün kitabxanalarda növbələr düzülür. Yəni populyar nəşrləri ala bilməyənlər kitabxanaya üz tutur. Və əgər oxucu kitabı vaxtında qaytarmasa, onu ciddi cərimə gözləyir.
Onu da qeyd etmək lazımdır ki, ənənəvi kitabxanalar elektron kitabxanadan fərqli olaraq yalnız təhsil və mütaliə yox, həm də ünsiyyət məkanıdır. Kitabxana elmin və cəmiyyətin inkişafına xidmət edən ədəbiyyatı, sənəd-məlumat ehtiyatlarını toplayır, mədəni irsi qoruyur və onların istifadəsini və nümayişini təmin edir. Müasir dövrdə onlar müəlliflərlə görüşlər keçirilən, qiraət klublarının fəaliyyət göstərdiyi, sərgilərin və digər tədbirlərin təşkil olunduğu mədəniyyət mərkəzlərinə çevrilməkdədir. Böyük oflayn kitabxanada nadir və qiymətli nəşrləri, köhnə, lakin əhəmiyyətli nəşr nümunələrini, hansı ki, internetdə yoxdur və böyük qəzet və jurnal kolleksiyalarını tapa bilərsiniz. Ənənəvi kitabxanaya baş çəkmək evdən çıxmaq və asudə vaxtın səmərəli təşkili üçün əla bəhanədir, insanların pıçıltı ilə danışdıqları xüsusi atmosferə daxil olmaq imkanıdır və oxuyaraq çevirdiyiniz səhifələrin xışıltısından həzz almaqdır.
Bakının yeni kitab evlərindən heç də geri qalmayan, zövqlü dizayn, avropa standartlarına uyğun bina, mehriban personal və müasir xidmətləri ilə seçilən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) canlı kitabla ünsiyyət qurmaq üçün olduqca rahat məkandır. Kitabxananın sakit və işıqlı oxu zallarında olduğunuz müddətdə, yaddaşınızda qalacaq xoş təəssürat, yaranmış yeni dostluqlar, maraqlı insanlarla ünsiyyət və səmərəli keçirilmiş zaman heç bir elektron kitabxana ilə müqayisə olunmaz.
Respublikamızda elmi-sahəvi kitabxanalar arasında özünəməxsus yer tutan MEK elm sahəsinə və oxucu qruplarına görə ixtisaslaşdırılan, milli və xaric ədəbiyyat fondlarına malik olan baş kitabxana-biblioqrafiya və informasiya müəssisəsidir. Hər bir oxucunun zövqünə və tələblərinə uyğun dizayn edilmiş kitabxana oxucular üçün təbiətşünaslıq, sosial-iqtisadi, humanitar, texniki və siyasi sahələr üzrə universal tərkibli nəşrlərlə zəngin fondlara malikdir. Kitabxanada yüksək texniki avadanlıqlarla təchiz olunmuş oxu zalları ilə yanaşı bölmələr üzrə fəaliyyət göstərən köməkçi fondlar da müxtəlif kateqoriyalardan olan oxucuların ixtiyarındadır. Bunlar “Dövri mətbuat” “Qarabağ Müharibəsi Qəhrəmanları fondu”, “Nadir və qiymətli nəşrlər fondu”, “Dissertasiya və avtoreferatlar”, “Qərbi Avropa”, “Şərq ədəbiyyatı”, “Humanitar və ictimai elmlər”, “Akademiklərin şəxsi kolleksiyaları” kimi köməkçi fondlardır.
Eyni zamanda MEK-də müxtəlif sahələrdə və mövzularda elmi-tədqiqatla məşğul olan oxucular üçün heç bir kitabxanada olmayan yerli və xarici nəşrlər, dövrü mətbuat nümunələri qorunub saxlanılmaqdadır. Həmçinin, kitabxanada H.Əliyevin, Ə.Bayramovun, Ə.Şıxlınskinin, A.Paxomovun, B. N. Zaxoderin, G.Xəzainin, R.İvanovun, A.Umnyaşkinin, Y.E.Bertelsin şəxsi kolleksiyaları qorunur. Bunlardan numizmatik alim Paxomovun, rus şərqşünasları Y.E.Bertelsin, B.N.Zaxoderin və türkoloq-alim G.Xəzainin kolleksiyalarında saxlanılan minlərlə qiymətli nəşrlər və elmi faktlar öz oxucularının yolunu gözləyir. Bu kolleksiyalardakı bütün ədəbiyyat kitabxananın kataloqlarında tam şəkildə əks etdirilmiş və biblioqrafik göstəricisi hazırlanmışdır. Həmin kolleksiyalar tarixçi alimlər, arxeoloqlar, şərqşünaslar, türkoloqlar və digər elmi tədqiqatçılar üçün əhəmiyyətli mənbələr hesab olunur.
Mərkəzi Elmi Kitabxana həm də respublikada beynəlxalq kitab mübadiləsi mərkəzidir. MEK ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, MDB dövlətləri və digər ölkələrin müxtəlif təşkilatları (akademiyalar, ali təhsil müəssisələri, kitabxanalar, xüsusi təşkilatlar, muzeylər, ayrı-ayrı alimlər, yazıçılar, ictimai xadimlər) ilə əlaqə yaradaraq ədəbiyyat və informasiya mübadiləsi aparır, müxtəlif elmi əsərləri, dövrü və ardı davam edən nəşrləri mütəmadi olaraq əldə edir. Qeyd edək ki, MEK-ə davamlı olaraq akademiyanın elmi tədqiqat institutlarından, yerli oqranlardan, müəlliflər tərəfindən, digər kitabxanalardan, xarici ölkələrdən müxtəlif elm sahələrini əhatə edən nəşrlər daxil olur.
Oxucular burada arzuladığı hər bir ədəbiyyatı istər çap, istərsə də elektron formada əldə etmək imkanına malikdir. Burada hər kəsə yüksək səviyyəli kitabxana xidməti təklif olunur. MEK-də çalışan hər bir kitabxanaçı cəmiyyət üzvlərinin rifahı üçün ömür boyu, fasiləsiz öyrənmək prinsipini dəstəkləyir. Bu cəhətdən kitabxana xidmətlərini təkmilləşdrimək üçün davamlı inkişafa can atır. Kitabxananın qapıları sosial statusundan, gəlir səviyyəsindən, təhsilindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün oxucular üçün açıqdır.
Rey Bredberi deyirdi ki, kitabları yandırmaqdan daha ağır cinayət onları oxumamaqdır. Kitab səhifələrində yazılmış istənilən elmi və təcrübi bilik – informasiya mənbəyi hesab olunur. İnformasiya isə XXI əsrdə xalqların inkişaf üçün qarşısında duran ən böyük rəqabət mənbəyidir. Bu bilikləri toplayıb mühafizə etməkdə, paylaşmaqdainstitusional strukturlar arasında kitabxanaların rolu o qədər böyükdür ki, bütövlükdə informasiya cəmiyyətinin əsasında onların durduğunu iddia edənlər də var. Nəticə olaraq deyə bilərik ki, internetin adi kitabxanalara daha çox ehtiyacı var, nəinki onların internetə. Həqiqi nəhəng kitabsaxlayıcılar - ənənəvi kitabxanalar - hələ orada iştirak etmirlər. Bernard Şou deyirdi ki, “Kitabxana bəşəriyyətin yaddaşıdır”. Bu yaddaşın rəqəmsal formaya çevrilməsi, hərflərin rəqəmlərlə ortaq məxrəcə gətirilməsi biz kitabxanaçıların qarşısında duran olduqca uzun və mürəkkəb prosesdir.
Sonda bütün kitabları elektron və hazır formada əldə etmək istəyinin yanlış olduğunu və bütün kitabxanaların elektron fəaliyyətinin natamam və səthi olduğunu xüsusi qeyd edə bilərik.
Bizim yeni şüarımız isə belədir: Elektron kitabxanalar ənənəvi kitabxanaların əvəzləyiciləri yox, köməkçiləridir!
Səyyarə Məmmədova ,
AMEA Mərkəzi Elmi Kitabxanasının
İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri