Azərbaycan Pediatrlar Assosiasiyası türk dünyasının tanınmış tibb alimlərini təltif edib
Bu il Türkiyənin İsparta şəhərində “Birinci Multidissiplinar Pediatriya Konqresi” olaraq Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzeyinin ev sahibliyi və Süleyman Dəmirəl Universiteti Tibb Fakültəsi Uşaq Sağlamlığı və Xəstəlikləri Departamentinin dəstəyi ilə "4-cü Beynəlxalq Sağlam Böyüyən Uşaq Konqresi” keçirilib.
12-15 sentyabrda Pediatriya Uzmanlıq Akademiyası Dərnəyinin (PUADER) təşkil etdiyi konqresdə uşaq sağlamlığının gələcəyi və pediatriya ixtisasına maraq əsas mövzu olub.
Üç gün davam edən konqresdə kurslar, milli və beynəlxalq səviyyədə məruzəçilərin iştirak etdiyi panellər, konfranslar, şifahi və poster təqdimatlar olub.
Uşaq sağlamlığı sahəsində mövcud yeniliklərin müzakirəsi və ekspertlər arasında məlumat mübadiləsi üçün mühüm platforma olan konqresdə tibb üzrə alim və mütəxəssislər uşaq sağlamlığı ilə bağlı ən son tədqiqatları və təcrübələrini bölüşüblər.
Konqresdə ölkəmizi təmsil edən Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə tədbirin açılış mərasimində çıxış edib.
Türk dünyasının həkimlərini bir arada görməkdən məmnunluq duyduğunu bildirən T.Tağı-zadə Azərbaycan və Türkiyə birliyi, dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi türk dövlətlərinin səhiyyəsinin inkişafına da töhfə verməkdə olduğunu deyib: “Yüksək peşəkarlığı və əzminə böyük inam duyduğumuz türk dünyasının tanınmış həkimləri əldə etdiyi uğurlarla türk dünyası səhiyyəsinin inkişafı üçün müştərək məqsədlərimizin gerçəkləşdirilməsində əhəmiyyətli rol oynamaqdadır”.
Azərbaycan Pediatrlar Assosiasiyasının tarixi haqqında məlumat verən T.Tağı-zadə qeyd edib ki, ki, təşkilatın 1930-cu ildən bəri fəliyyətinin uzun bir dövründə əsas inkişaf mərhələsi türkiyəli alimlərin dəstəyi ilə başlayıb: “Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyəti yüksək səviyyədə dəstəklənib. Assosiasiyanın o zamankı rəhbəri, Azərbaycanda elmi pediatriyanın banisi, akademik Adilə Namazovanın Türkiyənin görkəmli elm adamlarından biri, ictimai-siyasi xadim, Azərbaycanın və Ulu Öndər Heydər Əliyevin səmimi ürək dostu, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri, professor İhsan Doğramacı ilə sıx dostluq əlaqələri Azərbaycan Pediatrlar Assosiasiyasının beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə əlverişli zəmin yaradıb”.
“Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, birinci xanım Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil və səhiyyə ocaqlarının tikintisi, yenidən qurulması və modernləşdirilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Ölkəmizdə uşaqların müdafiəsi, sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunmaları yüksək səviyyədə təmin edilir”, – deyə alim bildirib.
T.Tağı-zadə türk dünyası birliyinin önəmini Prezident İlham Əliyevin sözləri ilə diqqətə çatdırıb: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.”
Çıxışının sonunda Təranə Tağı-zadə səhiyyə, təhsil və elmin inkişafına verdiyi töhfələrə görə PUADER-in idarə heyətinin sədri professor Bumin Dündara, Dəclə Universitetinin professorları, İlyas Yolbaş və Velat Şenə Azərbaycan Pediatrlar Assosiasiyasının təşəkkür lövhəsi və döş nişanını təqdim edib.
Qeyd edək ki, professor Bumin Dündar Türkiyədə uşaq endokrinologiyası və diabet sahəsində ilk veb-saytların yaradıcısı, “Uşaq Endokrin Diabet Jurnalı”nın və “Uşaq Sağlamlığı TV”nin təsisçisidir.
Professor İlyas Yolbaş Türkiyədə uşaq xəstəlikləri və sağlamlığı mövzusunda ən çox satılan kitabların müəllifidir.
Professor Velat Şen Şərq Pediatriya Assosiasiyasının sədridir. Bu təşkilat səhiyyə işçilərinin elmi təcrübəsinin artırılması, uşaq sağlamlığı və xəstəlikləri sahəsində təlim, tədqiqat fəaliyyətlərini təşkil edir və dəstəkləyir.