Rezident və qeyri-rezident nədir?
Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinə əsasən aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs vergitutma məqsədləri üçün rezident sayılır:
Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;
- təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
- daimi yaşayış yeri;
- həyati mənafelərinin mərkəzi;
- adətən yaşadığı yer;
- Azərbaycan Respublikasının vətəndaşlığı.
Vergi Məcəlləsinin 13.2.5.3-cü maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarə edilən istənilən hüquqi şəxs.
Vergi Məcəlləsinin 13.2.6-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qeyri-rezidentlərinə aşağıdakı şəxslər aid eilir:
- Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvlər (sahibkarlıq fəaliyyəti göstərən şəxslər istisna olmaqla);
- Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvlər (sahibkarlıq fəaliyyəti göstərən şəxslər istisna olmaqla);
- məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;
- Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri