Tələbəni kəsirlər ki, pul ödəsin - Universitetlərdə ağılagəlməz QAYDALAR...
Bunu Referans.az-a universitetlərdə tələbələrdən pul alınması ilə bağlı açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, bu məsələ Azərbaycanda bir çox universitetlərdə yayılıb:
“Semestr imtahanlarında tələbələrdən pul alınıb onların imtahanlardan keçirilməsi düzgün deyil. Əslində tələbələrin özləri bu məsələlərdə diqqətli olmalıdır. Bu təsadüfü hal deyil, bir çox universitetlərimizdə bu kimi hallara rast gəlinir. Hətta universitetlər var ki, müəllim tələbədən konkret pul tələb edir. Deyirlər ki, pul verməsən səni imtahandan kəsəcəm və s. Tələbə var ki, heç dərs oxumur, bilir ki, semestr imtahanı zamanı pul verib keçəcək. Tələbələr onlardan pul tələb edən müəllimlər barəsində universitet rəhbərliyinə məlumat verməlidir və universitet həmin müəllimlə bağlı tədbir görməlidir. Bu məsələ rektor səviyyəsində nəzərə alınmalıdır. Bəzi universitetlər istisna olmaqla, əksər universitetlərdə belə hallar var. Bu bir növ ənənə halını alıb.
Artıq bəzi universitetlərdə rüşvətin adət halına çevirildiyini deyən ekspertin sözlərinə görə, bu gələcəkdə gənclərin ixtisaslı kadr olaraq yetişməsinə mane olacaq və bilikli gənclərin azalmasına yol açacaq: “Bu bizim ixtisaslı kadr olaraq, cəmiyyətə hazırladığımız gənclərin azalmasına yol açacaq. İxtisaslarını daha dərindən bilməyən kifayət qədər kadrlar formalaşacaq ki, onlar dövlət orqanlarında və yaxud özəl sektorlarda məhsuldarlığı yaxşı təyin edə bilməyəcək. Buna görə də, universitetlərdə bu amil diqqətə alınmalıdır”.
Aqil Taleh