Priqojinin Xankəndidə XAİN planı: “Vaqner” Qarabağda nəyə hazırlaşır? CANLI
Donbası yerdəki cənnətə çevirərək, hamıya – Ermənistana, Gürcüstana və Azərbaycana göstərmək, onlara “baxın, biz nə qədər mükəmməlik, biz ən yaxşıyıq” demək əvəzinə, Donbası taladılar”. Musavat.com azpolitika.info-ya istinadla yazır ki, bunu “Vaqner” başçısı Yevgeni Priqojin bildirib.
O, deyib ki, hələ 2014-cü ildən işğal olunmuş bölgədə azad iqtisadi zona yaratmaq, kömür hasil etmək və satmaq lazım idi: “Müharibə zonası bulanıqdır və orada müxtəlif hadisələr ola bilər. Reklam alınmadı”.
İlk baxışdan Priqojinin birdən-birə Cənubi Qafqaz dövlətlərini yada salması təsadüfi görünə bilər. Ancaq məsələ ondadır ki, Priqojin açıq mətnlə Donbası Cənubi Qafqazdakı köhnə münaqişə ocaqları ilə eyniləşdirir və sözsüz ki, “Donbası Ermənistan, Gürcüstan və Azərbaycan üçün nümunəyə çevirməli idik” deyərkən, Gürcüstanın Rusiya işğalı altındakı ərazilərini və Qarabağı nəzərdə tutur.
Yəni, Donbası talamaq əvəzinə, onu Qarabağdakı, Abxaziyadakı, Cənubi Osetiyadakı separatçılar üçün nümunə götürəcəkləri əraziyə çevirmək lazım idi. Həmin separatçılar isə bundan nümunə götürərək, Azərbaycanın, Gürcüstanın işğal olunmuş ərazilərini də “cənnətə çevirmək” üçün Rusiyaya birləşməyə can atmalı idilər.
Bu, Priqojinin dolayısı ilə sözügedən ərazilərdəki separatçı rejimləri legitimləşdirmək və Gürcüstanla Azərbaycana “burun soxmaq” anlamı daşıyır. Çünki Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, Ukrayna da daxil olmaqla, bütün dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanıyır, ona hörmət edir. Onun nə işğal olunmuş Donbas, nə anneksiya edilmiş Krım kimi nümunələrə ehtiyacı yoxdur. Özü uzun illər işğala məruz qalmış Azərbaycan birmənalı şəkildə istənilən işğal və separatizm hallarının əleyhinədir.
Priqojinin bu “başından böyük” açqlamalarına “yersiz və mənasız” deyib, üstündən keçmək olardı. Ancaq məsələ ondadır ki, eyni xətt Priqojinə xidmət edən bir çox Rusiya mətbu orqanlarında, saytlarda da müşahidə olunur. Bu saytlarda rusiyalı ekspertlər Qarabağ ermənilərini Abxaziya və Cənubi Osetiya nümunəsi ilə “referendum” keçirib Rusiyaya birləşməyə çağırırlar.
TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Murad Sadəddinovla söhbətləşir. Müzakirədə tamaşaçılar da iştirak edə bilər.