Bakıda bu restorana xanımsız girmək olmaz - Səbəb olduqca maraqlıdır
Elə bu kimi restoranlardan biri barəsində məlumat aldıq. Aldığımız məlumata görə paytaxtda fəaliyyət göstərən belə restoranlardan biri də öz qeyri-adi qaydasına görə seçilir. Belə ki, restorana daxil olmaq üçün yanınızda bir xanım olmalıdır. Əks təqdirdə sizi restorana buraxmırlar.
Məsələni dəqiqləşdirmək üçün həmin restoranın qaynar xətti ilə əlaqə saxladıq. Telefonumuza cavablandıran şəxsin (adının çəkilməsini istəmədi) verdiyi məlumata görə, belə bir qanun mövcud olub, lakin yaxın zamanlarda bu qərar rəhbərlik tərəfindən yığışdırılıb:
“Bəli, belə bir qərar restoranda mövcud idi, lakin yaxın zamanlarda bu qanun ləğv edildi. Bu qərar ailəvi zalda oturan şəxslərin yanında xanım olmadığı zaman onlara şamil olunurdu və yanlarında xanım olmayan bəylər restorana buraxılmırdı”.
Belə görünür ki, hazırda qərar ləğv olunub, lakin əvvəllər restoranda belə bir məhdudiyyət var imiş. Sadəcə bu restoran deyil bu kimi qərarları ilə fəaliyyət göstərən bir çox restoran mövcuddur. Bəs restoranların müştərilərə belə bir məhdudiyyət qoyması nə dərəcədə doğrudur və restoran rəhbərliyinin belə qanunlar qoyması mümkündürmü?
Bu barədə Referans.az-a danışan hüquqşünas Sahib Məmmədov bildirib ki, istehlakçının belə bir qayda qoyması qanuna ziddir:
“Bu təbii ki, qanuna ziddir, bir şəxs əgər hər hansı bir kafe, restoran və ya ictimai iaşə müəssisəsi açıbsa, o şəxs vətəndaşlara necə lazımdırsa, qulluğ etməlidir. Bu kimi hallarla qarşılaşan şəxslər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Komitəsi ilə əlaqə saxlayıb öz iradlarını bildirə bilər. Söhbət sadəcə bu qaydadan getmir, ümumiyyətlə restoranların müştərilərinə qarşı hər hansı bir məhdudiyyət qoymamalıdır. Birincisi bu müştəri qanunlarına ziddir, ikincisi də rəhbərliyə qarşı da mənfi rəylərin yaranmasına səbəb olur”.
Aqil Taleh