"Laçın dəhlizində Azərbaycan keçid məntəqəsinin yaradılması "Arsax"ın sonu olacaq" - Abramyan
“Ermənistan və Qarabağ arasında mümkün Azərbaycan keçid məntəqəsinin yaradılması “Arsax”ın sonu olacaq”.
KONKRET.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan yazıb.
O bildirib ki, Ermənistan və Qarabağ arasında mümkün Azərbaycan keçid məntəqəsinin yaradılması “Arsax”ın sonunu gətirəcək.
“Münhendə görüş-müzakirələrin mühüm epizodlarından biri də Azərbaycan Prezidentinin Laçın dəhlizi ilə bağlı fikrinə aiddir.
Əliyev Ermənistanı Qarabağa birləşdirən marşrutun və Zəngəzurdan Naxçıvana gedən yolun eyni rejimdə işləməsi şərtini irəli sürüb. O tələb edir ki, bu hissələrdə nəzarət-buraxılış məntəqələri müəyyən edilməlidir.
Daha sadə desək, Əliyev deyir ki, əgər Ermənistan Zəngəzur dəhlizinin verilməsinin əleyhinədirsə, o zaman Laçın dəhlizi də statusdan məhrum olmalıdır. Azərbaycan keçid məntəqələri vasitəsilə təhlükəsizlik, o cümlədən gömrük və digər prosedurları təmin etmək olar.
İstisna deyil ki, Azərbaycan əvvəldən dəhliz mövzusunu kompromis kimi istifadə edib və onun əsas məqsədi Ermənistanı Qarabağla birləşdirən yolda keçid məntəqəsinin quraşdırılmasına nail olmaqdır.
Ermənistan və Qarabağ arasında mümkün Azərbaycan keçidinin yaradılması “Arsax” məsələsinin sonu olacaq”, – deyə Abramyan bildirib.
Xuraman Etibarlı