Beynəlxalq aləmdə tanınan ilk azərbaycanlı bəstəkar
Fevralın 5-də böyük bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin (1918-1982) anadan olmasının 105-ci ildönümü tamam oldu.
SSRİ xalq artisti, SSRİ Ali Sovetinin deputatı Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda anadan olmuşdur. Atası Əbülfəs Qarayev məşhur həkim, anası Sona xanım isə Şamaxının məşhur nəsillərindən biri idi. İlk musiqi təhsilini Bakıda Üzeyir Hacıbəyovdan alan Qara Qarayev, daha sonra 1939-cu ildə Moskva Dövlət Konservatoriyasına daxil olur. Süitalar, simfoniyalar yazan Qarayev dünya şöhrətli Dimitri Şostakoviçdən də dərs alır. 1936-cı ildə yazdığı "Ürək Kantatası" onun ilk əsərlərindən biridir. Daha sonra tələbəlik illərində yaxın dostu Cövdət Hacıyevlə birlikdə "Vətən'' operasını yazır. 1947-ci ildə Nizami Gəncəvinin 800 illiyi ilə əlaqədar "Leyli və Məcnun" simfonik poemasını yazır. Buna görə dövlət mükafatı da alır. 1949-cu ildə yazdığı "Yeddi gözəl" süitası isə bütün dünyada məşhurlaşır...
"Yeddi gözəl" baleti 1952-ci ildə tamaşaya qoyulur. Bu balet süjet xəttinə görə bəstəkara bir neçə xalqın musiqilərindən istifadə etməyə imkan verir. Dahi bəstəkar 1958-ci ildə yazdığı "İldırımlı yollarla'' baletinə görə SSRİ-nin ən ali mükafatları: "Lenin mükafatı", "Lenin ordeni" ni alır. SSRİ Ali Sovetinin IV–IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki olmuşdur.
Qara Qarayev "Uzaq sahillərdə", "Onun böyük ürəyi", "Don kixot", "Bir məhəlləli iki oğlan" kimi filmlərə də musiqi bəstələyib. Qara Qarayev bir çox bəstəkarlar kimi müxtəlif janrlara müraciət etsədə, ən uğurlu əsərləri ''Yeddi gözəl'' və "İldırımlı yollarla" baletidir.
1982-ci il mayın 13-də Moskva şəhərində vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.
Müəllif: Rəşad Şirinov