azia.az
azia.az

Partiya sədri “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdən danışdı: “Hələ bir bəh-bəhlə də təqdim edirlər…”

29-12-2022, 14:55

“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq pensiya məbləği pensiyaçılardan geri alınacaq. Yəni 2020-ci ildən əvvəl pensiyaçıya fərqli səbəblərə görə qədərindən artıq edilən ödəniş geri istənilməyəcək. Parlamnet tərəfindən qanuna edilən dəyişikliklərin dəstəklənməsi narazılıq yaradıb. Bildirilir ki, pensiyaçılara artıq məbləğin ödənilməsində məmurların da əli olub, onlar da cəzalandırılmalıdırlar. Eyni zamanda pensiyaçılara ödənilən artıq məbləğlə bağlı əfvin 2020-ci ilə qədər deyil, 2022-ci ilə qədər olmasını tələb edirlər.

 

Parlamentin qəbul etdiyi qanuna dəyişiklik layihəsi ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, təkcə “Əmək pensiyaları haqqında” qanun yox, istənilən qanun qəbul olanarkən, ilk növbədə vətəndaşların mövqeyi və marağı nəzərə alınmalıdır.

 

O bildirib ki, zamanında həmin siyasi konnekturaya uyğun, yaxud hansısa məmurun səhlənkarlığı ucbatından edilmiş qanun boşluqlarına görə vətəndaşlar, eyni zamanda pensiyaçılar əziyyət çəkməli deyillər: “Mən Sahil Babayevin dırnaqarası guya əlillik dərəcələrini ləğv etdiyi vaxtlarda da qeyd etmişdim ki, söhbət Sahil Babayevdən, Səlim Müslümovdan və ya Füzuli Ələkbərovdan getmir. Burada söhbət Azərbaycan dövlətinin nazirliyindən, onun möhründən gedir. Nazirlik eyni nazirlikdir, möhür də, qərar da eynidir. Bu yanlış qərarların yükünü vətəndaşa yükləmək olmaz. Sən artıq pensiya ödəməzdin... Yaxud hansısa boşluqlara görə nəsə ziyan dəyibsə, onun məsuliyyətini həmin dönəmdə nazirliyin rəhbərliyində olan insanlar çəkməlidir. Yoxsa “sənə az hesablanıb, sənə çox, gətir pulu geri qaytar” kimi yanaşmalar doğru deyil. Hələ bunu bir bəh-bəhlə də təqdim edirlər. Bu gün kim əlində o qədər maliyyə saxlayır ki, bunlara da borc qaytarsın? Ümumiyyətlə, belə qərarların qəbulunun əleyhinəyəm. Onsuz da cəmiyyətin ən zəif təbəqəsi pensiyaçılardır, pensiyaları da böyük bir məbləğ deyil. Bu insanları əlavə yükləmək doğru deyil. Gərək, parlamentin komitələri sözügedən qərar qəbul olunarkən müzakirələr zamanı səsləndirsinlər, çəkinməsinlər. Ola bilsin, deputatlar nazirliklərlə, yaxud dövlətin hansısa daha üst qurumları ilə aralarını pis etməmək üçün buna don da geyindirməyə çalışırlar. Millət vəkili adından da göründüyü kimi millətin vəkilliyini etməlidir, dövlət strukturlarının yox…”

 

Aytəkin Qardaşova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi