azia.az
azia.az

Şahid: "Ərim Tağı Əhmədovdan faizə 2 milyon pul götürmüşdü"

22-11-2022, 10:18


Dələduzluqda təqsirləndirilən Qulu Muxtarov və Sahil Abuşovun cinayət işinin bəzi detalları məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş prosesdə şahid qismində dindirilmiş M.Xəlilova bildirib ki, hazırda həbsdə olan Səadət Xəlilov onun həyat yoldaşıdır.

 

Şahid deyib ki, Səadətin 2016-ci ildə Tağı Əhmədovdan 2 milyon manat pul götürdüyü barədə məlumatı var: "Çünki ərim Tağı Əhmədova həmin pulun faizlərini ödəyirdi. Səadət mərmər biznesi ilə məşğul olurdu. Mən özüm də bizneslə məşğul oluram. Səadətlə bir evdə yaşamağımıza baxmayaraq, bir-birimizin işi ilə maraqlanmamışıq. Səadət mənim işimə qarışmağı xoşlamamırdı, işlərimlə maraqlanmırdı. Mənim Sahil və Qulu adlı şəxslərlə heç bir əlaqəm olmayıb.

 

Cinayət işində adı keçən MMC “SKY Hotel Baku” otel kimi fəaliyyət göstərir. 2015-ci ildə tikilib təhvil verilib. Ancaq lisenziya ala bilmədiklərinə görə, həmçinin mebelləri hazır olmadığına görə aça bilmədilər. 2016-cı ildə mebellər hazır oldu və 2017-ci ildə də oteli açdılar. Mən banklardan kredit götürüb, hotelin tikintisinə sərf etmişəm. Səadətin qardaşı Maşallaha pul verməsindən məlumatım yoxdur. Şirkəti təxminən 2010-cu ildə almışam. Həmin MMC "Suzuki" və "Volvo" avtomobillərinin Azərbaycanda satışı ilə məşğul olur. Hotel 2015-ci ildə tikilib, Səadət pulu 2016-cı ildə götürüb. Bankdan 5 milyon ABŞ dolları kredit götürmüşəm, hələ də kreditləri ödəyirəm. Kreditin pulunu özüm ödəyirəm. Hazırda nə qədər kredit borcumun qalmasını, aylıq nə qədər kredit üzrə ödənişləri etdiyimi bilmirəm. Hotelin tikintisinə və təmirinə də nə qədər vəsait sərf olunduğunu da bilmirəm".

 

Qeyd: Məhkəmənin gedişində məlum olub ki, "Bakı Metropoliteni"nin keçmiş rəisi Tağı Əhmədov yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək Tağı Əhmədovu bu işə pul yatırmağa inandırıblar. Tağə Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev onlardan şikayət edib.

 

Cinayət işi üzrə zərərçəkmiş kimi Soltan Əliyev tanınır.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyilə keçirilən iclasda Qulu Muxtarov 8 il 6 ay, Səadət Abuşov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırlatma: Səadət Xəlilovun cinayət işi ayrıca icraata ayrılıb və o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi