azia.az
azia.az

Rus generallar arasında çoxumuzun tanımadığı azərbaycanlı da var

14-10-2022, 15:28

Rusiya-Ukrayna müharibəsi başlayandan döyüşlərdə xeyli sayda yüksək rütbəli zabit öldürülüb. Onların arasında uzun illərin təcrübəsinə malik olan qiymətli hərbi kadrlar, generallar da var. Hətta son zamanlar Rusiyanın bu səbəbdən Ukraynadakı ordu komandanlığında ciddi kadr dəyişiklikləri aparması barədə də xəbərlər yayılır. Beləcə Rusiyalı generallar tez-tez dünya mediasında gündəmə çevrilir, onların keçdiyi döyüş yolları barədə silsilə yazılar dərc edilir. 

Maraqlıdır ki, rus generallar arasında çoxumuzun tanımadığı azərbaycanlı da var. Onun adı Bəxtiyar Nəbiyevdir. 

 

Azia.az bildirir ki, Gundem.az Rusiya cəmiyyətinə yaxşı tanış olan bu ad və general-mayor rütbəsi daşıyan qəhrəman haqqında bir sıra maraqlı məlumatları oxuculara təqdim edir.

 

Zabitin Yevlaxdan Beslana aparan yolu


Bəxtiyar Qara oğlu Nəbiyev  22 avqust 1965-ci ildə Azərbaycanın Yevlax rayonunun Əxşam (Axşam da adlandırılır-red) kəndində anadan olub. O, 1984-cü ildən hərbi xidmətdədir. Bəxtiyar Nəbiyev 1988-ci ildə Marşal V.K.Xarçenko adına Kamenetz-Podolski Ali Hərbi Mühəndis Komandanlıq Məktəbini bitirib.

O, 1988-1994-cü illərdə Mühəndis Qoşunlarında müxtəlif vəzifələrdə xidmət edib. 1994-1997-ci illərdə isə Mühəndis Qoşunlarının Hərbi Akademiyasında təhsil alıb. Daha sonra 1997-ci ildən Şimali Qafqaz Hərbi Dairəsinin mühəndis qoşunlarında xidmət edən Nəbiyev 2000-ci illərin əvvəllərində Şimali Qafqaz Hərbi Dairəsinin 58-ci Əlahiddə Ümumqoşun Ordusunun mühəndis qoşunlarının rəisi təyin edilib. O, İkinci Çeçen Müharibəsinin iştirakçısı olsa da, Bəxtiyar Nəbiyevin adı gələndə daha çox 2004-cü ilin 1-3 sentyabrında baş verən dəhşətli terror hadisəsi- Beslan əməliyyatı yada düşür. Çünki həmin dövrdə polkovnik rütbəsində olan Bəxtiyar terror aktı zamanı girovların azad edilməsi əməliyyatında aktiv iştirak edib. Hətta 58-ci Əlahiddə Ümumqoşun Ordunun o zamankı komandanı general Sobolev qeyd edib ki, girovların uzun müddət saxlanıldığı idman zalına ilk olaraq xüsusi təyinatlılarla yanaşı, hərbi mühəndislər də daxil olublar və qəhrəmanlıqla əldəqayırma partlayıcıları zərərsizləşdiriblər: "Bu qəhrəmanlardan biri 58-ci Ordunun mühəndis qoşunlarının rəisi polkovnik Bəxtiyar Nəbiyev olub". 

 

 

Rusiyanın ordu qəzeti olan “Krasnaya Zvezda” isə Nəbiyevin məlum tarixi əməliyyatdakı rolu haqqında yazarkən qeyd edib ki, onun öndə getməsi çox şeyi dəyişib:

 "5 istehkamçı qrupu yaradıldı. Məktəb binasında partlayış səsləri eşidiləndə və yaraqlılar girovları nizamsız şəkildə atəşə tutanda xüsusi təyinatlılarımız hücuma keçmək məcburiyyətində qaldılar. Polkovnik Bəxtiyar Nəbiyev və polkovnik-leytenant Andrey Qaqloyev xüsusi təyinatlılarla birlikdə girovların əsas hissəsinin olduğu minalanmış idman zalına soxularaq dərhal partlayıcıları zərərsizləşdirməyə bacarıblar. Xatırlatmaq yerinə düşər ki, otaqda onlarla əldəqayırma partlayıcı qurğular quraşdırılmışdı".   

Həmin anı xatırlayan Azərbaycan əsilli polkovnik isə xatirəsini belə bölüşüb:

 "Sentyabrın 3-də günorta saatlarında mən köməkçim polkovnik-leytenant Andrey Qaqloyevlə məktəbi müşahidə edib evlərdən birinin küncündə dayandıq. Bir müddət sonra məktəbin idman zalından təxminən 10 metr aralıda olan dəmir qarajların arxasında qadınlar peyda oldular. Onlar qışqırmağa və kömək istəməyə başladılar. Onlara doğru qaçdıq. Qarajlar arasından keçid açdıq və 5-6 qadını götürərək təhlükəsiz əraziyə çıxardıq

 

 

Sonra “Vımpel” qrupunun döyüşçüləri ilə birlikdə məktəb binasına doğru irəlilədik. Şimal tərəfdən idman zalına yaxınlaşdıq. Bizi zaldan kiçik bir otaq ayırırdı. Deyəsən o paltardəyişmə otağı idi. Pəncərədə barmaqlıqlar vardı. Onun üzərində isə ilk partlayıcı qurğu asılmışdı. Bu, iki litrlik plastik şüşə idi. Şüşənin içi isə partlayıcı maddələr, detonator və kiçik dəmir şarlarla doldurulmuşdu. Hər belə şar kiminsə ölümü demək idi... Qurğunu tez bir zamanda zərərsizləşdirdik və hərbçilər otağa girdilər. Orada da daha üç minanı zərərsizləşdirə bildik. Bəlkə də onları tapmağımız sonradan bu keçiddən çıxan girovların çoxunun həyatını xilas etdi".

Qeyd edilir ki, belə "cəhənnəm qurğuları" hər yerdə asılmış vəziyyətdə gizlədilibmiş. Basketbol halqalarına, tavan işıqlarına, tavanın özünə və divarlara da belə partlayıcılar bərkidilib. Sonradan müəyyən edilib ki, təkcə idman zalında ümumilikdə 50 kq-a yaxın partlayıcı qoyulubmuş. Əgər onlar partlasaydı yalnız məktəbdən deyil, ətraf məhəllələrdən də çox az tikili salamat qalardı... Bundan əlavə, bütün əldəqayırma bombalara mismarlar, kiçik polad şarlar və digər sərt əşyalar doldurulubmuş. Bu isə, partlayıcı qurğuların onsuz da güclü olan dağıdıcılıq amilini artırırmış. Əslində girovların belə məkanda sağ qalmaq şansı da olmayıb...

 

 

“Bu alçaqların uşaqların arxasında gizləndiyini anlayanda özümü gücsüz hiss etdim. Çox təəssüf ki, həmin əclaflardan birini şəxsən məhv etmək mümkün olmadı”, - Nəbiyev deyib.
Lakin terrorçuların Beslanda qanlı terror törətməsindən xeyli əvvəl Bəxtiyar Nəbiyev Dağıstan və Çeçenistanda da yaraqlılarla müharibədə iştirak təcrübəsi olub. Yaraqlıların 1999-cu ilin yayında Qafqazda başlatdıqları döyüşlər mühəndis hissələrinin hərbçilərini də səfərbər edib. Nəbiyevin artıq Hərbi Mühəndislik Akademiyasında öyrəndiyi biliklər, 58-ci Ordunun rəhbərliyində xidmət təcrübəsi var idi. Amma o, Dağıstana mühəndis alayının batalyon komandiri statusunda gedib. Yaraqlılar Dağıstandan qovulduqda isə Bəxtiyar Nəbiyev yeni təyinat alıb. O, Şimali Qafqaz Hərbi Dairəsinin mühəndis-istehkamçı briqadasının komandirinin müavini olub. Və sonra başqa bir döyüş tapşırığı gəlib. Nəbiyev tabeliyində olanlarla birlikdə Çeçenistana yola düşməli imiş.

Burada isə görüləcək işlər daha çox imiş. Yolları və körpüləri bərpa etmək, keçidlər və istehkamlar tikmək, quldurlar tərəfindən quraşdırılmış minlərlə partlayıcı qurğuları zərərsizləşdirmək. Məhz Bəxtiyar Nəbiyevin rəhbərliyi ilə uzunluğu 100 kilometrə yaxın olan yüksək dağ yolu çəkildi. Dağlıq İtum-Kalinski rayonundan salınan yolun bir hissəsi 1100 metr yüksəklikdən keçib. Amma elə keçidlər var imiş ki, bura dəniz səviyyəsindən 2600-2800 metr yüksəklidə olub. Bu da əlavə çətinliklər yaradıb. 

"Şamil Basayevin ayağını qoparan məhz Nəbiyev idi"

Nəbiyevin tabeliyində olanlar 2000-ci ildə Qroznıya hücum əməliyyatında da fərqləniblər. Məşhur çeçen komandiri Şamil Basayevin 1500 nəfərlik dəstəsinin Alxan-Qaladan keçməyə çalışacağı xəbərini alan zabit bir neçə həmkarı ilə birlikdə sürətli şəkildə partlayıcılardan ibarət keçilməz sədlər çəkib. Yaraqlıların rəhbərindən öndə onlarla kamikadzenin getməsi belə döyüşçülərin liderini mina təhlükələrindən uzaqlaşdırmayıb. Mina sahəsindən keçid zamanı çeçenlər nə az, nə çox 170-ə yaxın döyüşçü itiriblər, 300-ə yaxın insan yaralanıb. Onların arasında ayağını itirən Basayev də olub. Generalın həmkarları Basayev haqqında danışarkən zarafata deyirlərmiş ki,  "Şamilin ayağını qoparan məhz Nəbiyev idi". Amma Bəxtiyarın özü Şamilin başının qopmamasından təəssüflənirmiş...

 

 

Beləcə həmin dövrdə polkovnik olan Nəbiyevin həyatında çoxlu döyüş epizodları olub. Bir müddət sonra zabit İtum-Qalada ərazinin minalardan təmizlənməsi işinə rəhbərlik edib. Və özü iki dəfə piyada əleyhinə minanın partlamasından salamat çıxa bilib. İstehkamçılardan biri isə partlayışlardan salamat çıxan Nəbiyevə zarafata deyibmiş ki, "Yəqin Basayev də səndən belə qisas almaq istəyib, o, çoxlu sürpriz minalar basdırıb".

 

 

Bəxtiyar Nəbiyevin bu hadisələrdən necə sağ qalması isə açıq mənbələrdə qeyd edilmir, hərbi sirr sayılır. Sürpriz qurğular məhz onun ayaqları altında partlamalıymış. Amma Bəxtiyar özü əmindir ki, həmin anda onu Allah qoruyub.
"Görünür, mən hələlik bu dünyada özümə aid olan hər şeyi etməmişəm", - o şansını belə izah edib.

Nəbiyev sonradan, 2005-2007-ci illərdə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında da hərb elminin sirlərinə yiyələnib.  2007-2011-ci illərdə isə Qərargah rəisi, Şimali Qafqaz Hərbi Dairəsinin Mühəndis Qoşunları rəisinin birinci müavini vəzifəsini daşıyıb. O, 2011-2014-cü illərdə Cənub Hərbi Dairəsinin Baş Qərargah rəisinin müavini işləyib. 2014-cü ilin iyulundan 2015-ci ilin dekabrına kimi - Cənub Hərbi Dairəsinin 12-ci Ehtiyat Komandanlığının komandiri olub. Azərbaycan əsilli general-mayor 2018-ci ildən Qərb Hərbi Dairəsinin mühəndis qoşunlarının rəisi vəzifəsində çalışır.
O, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında da iştirak edib.

 

Turqut


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi