Dələduzluq cinayətinə təhrik edən niyə aşkara çıxarılmır?- Oqtay Zərbəliyev barədə təfərrat
Ölkədə, xüsusilə, Bakı şəhərində fəaliyyət göstərən Daşınmaz Əmlak Agentliklərində aparılan alqı -satqı proseslərində insanların aldadılaraq əmlaklarının və pullarının dələduzluq yolu ilə mənimsənilməsi barədə çoxlu sayda faktlar vardır. Həmin agentlikləri idarə edənlərin əksəriyyəti yüksək vəzifəli məmurların himayəsinə sığınıblar. Daşınmaz əmlak mübahisələri zəminində həyata keçirilən cinayət xarakterli əməl və hərəkətlərə görə adətən sıravi işçilər müxtəlif cəzalara məruz qalır, cinayət prosesini idarə edənlər növbəti qurbanlarını axtarırlar. Daşınmaz Əmlak Agentliklərində çalışan işçilərin çoxu işəmuzd çalışırlar. Onların rəsmi qeydiyyatı aparılmır, adlarına sosial sığorta və vergi üçün pul köçürülmür. Buna görə agentliklərin sahibləri aidiyyatı dövlət qurumlarının rəsmilərinə haqq - hesab verirlər. Xoşagəlməz hadisələr zamanı məsuliyyətə cəlb olunanlar sıradan bir zavallı "makler" kimi çıxdaş edilir. Bakı şəhər sakini Ağayeva Zenfira İbrahim qızı "Gündəlik Bakı"ya müraciət edərək oğlu Musazadə Ramil Ağaddin oğlunun Xətai rayon Məhkəməsinin 18 yanvar 2021 -ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2 maddələri ilə dələduzluq əməli törətməkdə təqsirli bilinırək barəsində həbs - qətimkan tədbiri seçilməsi və cinayət işinə hal -hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması haqqında məlumat vermişdir. Zenfira Ağayeva həm də oğlunun barəsində həbs- qətimkan tədbiri seçilməsiylə bağlı Xətai rayon Məhkəməsinin Qərarının və Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış istintaqın İttiham Aktının surətini də redaksiyamıza təqdim etmişdir. Zenfira Ağayeva bildirir ki, oğlum Ramil Musazadə 2020- ci ilin sentyabr- oktyabr aylarında Xətai rayonu ərazisində yerləşən "Zamin Əmlak" Daşınmaz Əmlak Agentliyinin direktoru Oqtay Zərbəliyevin təhriki ilə Xətai rayonu H.Salmani küçəsi 3 saylı evin 12 - ci mənzilinin saxta çıxarışını əldə etmişdir. "Oqtay Zərbəliyev oğlum Ramil Musazadə ilə tanış olmamışdan əvvəl Bakı şəhər sakini mərhum Həbibzadə Sucaət Şami oğlundan 91.000 manat pul alaraq ona Xətai rayonu ərazisində ipoteka yolu ilə 4 otaqlı mənzil alacağına söz vermişdir. Lakin öhtəliyini icra edə bilməmişdir. Sucaət Həbibzadə isə verdiyi pulun qaytarılmasını, ya da uyğun mənzilin tapılmasını tələb edib. Mərhumun həyat yoldaşı Həbibova Rəna Rəşid qızı buna şahiddir. Təsadüfən Ramillə tanış olan Oqtay Zərbəliyev ona təklif edir ki, Sucaət üçün 4 otaqlı mənzil tapılmasına kömək etsin. Ondan aldığı pulu qaytara bilmir. Bir az vaxt lazımdır. Ramil kirayədə yaşadığı 4 otaqlı mənzili Oqtaya təklif edib və qarşılıqlı razılaşmaya görə mənzilə saxta çıxarış əldə etmək üçün Oqtay ona 36.000 manat pul verib. Ramil öz həyat yoldaşının adına mənzilə saxta çıxarış alıb. Həmin çıxarışa əsasən notariusda alqı -satqı etmək istəsə də proses icra olunmayıb. Agentliyin əməkdaşı Ramin Nağdəliyev guya şübhələndiyinə görə müqavilənin imzalanmasına mane olmuşdur. Əslində isə Ramin Oqtayın öz adamıdır və onun göstərişini icra edərək DİN- nin Məlumat Mərkəzinə saxta çıxarışla mənzil alqı - satqısı barədə xəbər verib". " Zenfira Ağayeva eyni zamanda bildirir ki, oğlu Ramil mərhum Sucaət Həbibzadədən mənzilə görə pul almayıb. Mərhumun arvadı Rəna Həbibova da istintaqda Ramilin əleyhinə ifadə verməyib. Əksinə , Rəna Həbibova Oqtay Zərbəliyevə ipoteka yolu ilə 4 otaqlı mənzil almaqdan ötrü 91.000 manat pul verdiklərini göstərib. Lakin istintaqı aparan müstəntiq polis mayoru Ruslan Sadıqov onların arasında üzləşmə aparmayıb. Mərhum Sucaət Həbibzadənin 1 mart 2021 -ci ildə vəfat etməsindən sonra tərtib etdiyi saxta izahatlara istinad edərək oğlumu ağır cinayət törətməkdə təqsirli bilib". Zenfira Ağayeva həm də deyir ki, " Oqtay Zərbəliyev özü də Sucaətin ona deyil, Agentliyə 91.000 manat pul verdiyini etiraf edib. Lakin, istintaqda müstəntiq əsassız olaraq oğlumun guya mərhum Sucaətdən 61.000 manat pul almasını dolayı yollarla sübuta yetirmək istəyib. Halbuki, mənzil mərhumun arvadı Rəna Həbibovanın adına sənədləşməliydi. O isə baş verən proseslər barədə ətraflı məlumata malikdir və istintaqa verdiyi izahatda bu xususatları təsdiq etmir".
Zenfira Ağayeva qeyd etdi ki, Oqtay Zərbəliyevi Xətai rayon Prokuroru Sərdar İmanov himayə edir. Hətta, müstəntiq Ruslan Sadıqov oğlunun vəkilinin yanında ona deyib ki, Oqtay Zərbəliyevi Xətai rayon Prokuroru Sərdar İmanov müdafiə edir. Onun qarşısında gücsüzdür. Görünür ki, məhz bu səbəbdən Ramil cinayət işinin ağırlığını öz üzərinə götürməyə məcbur edilir.
Zenfira Ağayeva xahiş etdi ki , mətbuat işçiləri 27 iyul 2021 ci ildə saat 14 -da Bakı Ağır Cinayətlər Məhkəməsində oğlu Ramil Musazadənin cinayət işiylə bağlı keçiriləcək məhkəmə prosesində iştirak etsinlər.
P.S. Şikayətçi Zenfira Ağayevanın oğlu Ramil Musazadənin cinayət işiylə bağlı təqdim etdiyi sənədlərə əsasən araşdırmalarımız davam edəcək.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
"Gündəlik Bakı"