azia.az
azia.az

İcra hakimiyyətlərinin JEK-lər vasitəsilə əhalidən pul yığması qanunsuzdur - Ekspert

30-08-2022, 19:15

İcra hakimiyyətlərinin JEK-lər vasitəsilə əhalidən pul yığması qanunsuzdur - Ekspert
"İcra hakimiyyətləri JEK-lər vasitəsilə əhalidən qanunsuz pul yığmağı davam etdirirlər”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev JEK-lərin artırılmış tariflə əhalidən yığdığı mənzil haqqından danışarkən deyib. Ekspert bildirib ki, artım onunla əsaslandırılıb ki, 30 noyabr 2018-ci il tarixində "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilmiş dəyişiklik nəticəsində mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib:

"İlk baxışdan hər şey qaydasında olmuş kimi görünür. Həqiqətən qeyd edilən tarixə qədər köhnə binalarda (müstəqillik dövründə tikilən yeni tikililər xaric) mənzil haqlarının tarifi Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 2000-ci il tarixli, 40 saylı qərarı ilə tənzimlənirdi. Həmin qərara əsasən, özəlləşdirilmiş mənzillər 1 kv.m. yaşayış sahəsi üçün ayda 1,5 qəpik, dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindənki evlər üçünsə ayda 2 qəpik müəyyən edilmişdi. JEK-lər bu qərara istinad edərək əhalidən pul yığırdılar. Hətta vəziyyətdən sui-istifadə edərək özəlləşdirilmiş mənzillərdən də 2 qəpikdən mənzil haqqı yığırdılar. İnsafən tarif yüksək deyildi, hətta deyərdim, insafsızcasına aşağı idi. Müqayisə üçün qeyd edim ki, yeni tikililərdə ən aşağı tarif 20 qəpikdir. Köhnə tikililərdə mənzil sahələri çox da böyük olmadığından aylıq ödəniş 1-2 manat arası dəyişirdi. Hətta bu məbləği də vaxtı-vaxtında ödəməyən əhali üçün əslində aylıq məbləğ çox deyildi”.

Samir Əliyevin fikirincə, əhali JEK-lərin xidmətindən narazı olsa da, tarifin aşağı olması səbəbindən ödədikləri pulların qarşılığında heç nə istəmirdilər:

"Çünki onları yeni tikililərin yüksək tarif təcrübəsi qorxudurdu. İndi vahid tarif ləğv edilib və nəzəri olaraq liberal tarif, yəni bazarın tənzimlədiyi tarif mexanizmi işə düşüb. Bəs qaydasında olmayan nədir? Əvvəla qeyd edim ki, JEK-lərin qanunsuz fəaliyyəti barədə dəfələrlə açıqlama vermişəm. Qısaca onu qeyd edim ki, Azərbaycanda mənzil idarəçiliyinin Konstitutsiyası olan Mənzil Məcəlləsi JEK-lərin mənzil idarəçiliyində iştirakını istisna edir. Özəl mülkiyyətin 3 idarəetmə formasının heç birində JEK adında qurumun adı çəkilmir. Bu, məsələnin əsas tərəfi. İkinci tərəfi isə ondan ibarətdir ki, əhalidən artırılmış tariflə pul yığan JEK istinad etdiyi "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 13-cü maddəsi ilə yanaşı 14-cü maddəyə də diqqət etsə, yaxşı olar, Çünki 14-cü maddədə deyilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərə ancaq müqavilə ilə xidmət göstərə bilərlər. Əgər bu müqavilə yoxdursa, JEK-lərin əhalidən pul yığmaq ixtiyarı yoxdur. JEK-lər, daha doğrusu, onların tabe olduqları rayon/şəhər İcra hakimiyyəti qurumları qanunsuzluq edərək əhalidən pul yığırlar. Bir daha qeyd edirəm, əhalinin tam hüququ var ki, JEK-lərə mənzil haqqı verməsin. JEK-lər zəhmət çəksin özəlləşdirilməyən evlərə xidmət göstərib haqlarını alsınlar. Özəl mülkiyyətə isə əvvəla müqaviləsiz yaxın dura bilməz, ikincisi isə hətta müqavilə ilə yaxın dura bilməz. Mənzil Məcəlləsinə görə, həmin müqavilənin hüquqi qüvvəsi olmayacaq”.

Samir Əliyev hesab edir ki, yaranmış vəziyyətin əsas günahkarı hökumətdir:

"Məhz hökumətin öz qanunlarına hörmət etməməsinin nəticəsidir ki, JEK-lər əhali, MTK-lar sahə mülkiyyətçiləri üz-üzə qalıblar. Ölkədə mənzil siyasətinə məsul olan İqtisadiyyat Nazirliyi isə 2019-cu ildə prosesdən kənarlaşdırılıb. Nəzarət qalıb İcra hakimiyyətlərin əlində”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi