azia.az
azia.az

Helmintozların bioloji terapiyası- Qurdları təmizləyən dərmanlar

6-07-2022, 22:49

Helmintozların bioloji terapiyası- Qurdları təmizləyən dərmanlar
Helmintoz xəstəliyi parazitar qurdların (helmintlərin) insan orqanizminə daxil olub, ona tez zərər vermədən, öz metabolitləri ilə toxuma üzvlərini zəhərləyən, maddələr mübadiləsini pozan, orqanizmdən qida mənbəyi kimi istifadə edərək artıb çoxalan, digər xəstəliklərin əmələ gəlməsinə səbəb olan infeksion parazitar xəstəlikdir. Bu xəstəlik bütün dünyada çox geniş yayılmışdır. Helmintlərin epidemiologiyasına görə təsnifatı:

1.Geohelmintlər

2. Biohelmintlər
Geohelmintlərə aid olan askarida, tükbaş qurd, ankilostomidlər və bir çox başqa helmintlərin inkişafında aralıq sahibin iştirakı lazım olmur. Belə ki, əsas sahibdən ifraz edilən yumurtaların (sürfələr) invazion mərhələsinə kimi inkişafı, bilavasitə, xarici mühitdə (əsasən torpaqda) əlverişli hərarət və rütubət şəraitində baş verir. Lakin cırtdan (Himenolopsis nana), bizquyruq (Enterobius vermicularis) qurdları müstəsnadır.

Belə ki, bu helmintlər ilə yoluxmalar onların yumurtaları (sürfələri) ilə çirklənmiş xəstənin bədəni və ya onu əhatə edən əşyalar (yataq mələfəsi, döşək, mətbəx ləvazimatı, uşaq oyuncaqları və s.) ilə bilavasitə təmasda olduqda baş verir. Biohelmintlərə aid olan helmintlərin inkişafı 2, bəzən 3 aralıq sahibin iştirakı ilə olur. İnsanların bu helmintlərlə yoluxması müxtəlif yollarla baş verir.

Yoluxma yoluna görə helmintlər aşağıdakı qruplara bölünür:

1. Alimentar (ağızla- peroral) -qida, su, çirkli əllər, yaxşı yuyulmamış meyvə-tərəvəz məhsulları ilə yoluxulur. Bunlara Ascaris lumbricoides, Trichocephalus trichiurus və s. aid etmək olar.
2. Kontakt -məişət, ev əşyaları, ev heyvanları və s. ilə (autoinvaziya, reinvaziya deyilir) Enterobius vermicularis, Himenolopis nana və s.
3. Transmissiv -həşəratlar, ağcaqanadlar, milçəklər vasitəsilə yoluxma, məs., Filariidoe cobbold və s.
4. Dəri vasitəsilə - hovuzlarda, açıq su hövzələrində, torpaqda ayaqyalın gəzdikdə yoluxma olur.

Növünə görə isə 3 sinfə bölünürlər.

1. Nematodlar sinfi (girdə qurdlar)-Ascarius lumbricoides, Enterobius vermicularis, Trichocephalus trichiurus
2. Sestodlar sinfi (lentşəkilli qurdlar )-Taenia arhyzchus, Echinococcus granulozus və s.
3. Trematodlar sinfi (sorucu qurdlar) –Opisthorchis felineus rivolta, Clonorchis sinensis, Schistosoma hematobium.

Ümumiyyətlə, helmintozlar əhalinin bütün yaş qruplarında təsadüf edilir. Lakin uşaqlarda buna daha çox rast gəlinir. Bunun da səbəbi uşaqların dünyanı aktiv şəkildə dərk etməsidir. Bu dərketmə təkcə göz vasitəsilə yox, həm də ağız vasitəsilə həyata keçirilir. Ona görə də uşaqlar hər bir əşyanı, oyuncaqları, torpaq, daş və s. dadmağı xoşlayır və asanlıqla helmintlərə yoluxur. Bundan başqa, şəxsi gigiyena qaydalarına düzgün əməl etmədikdə helmintlərlə tez yoluxma baş verir. Helmintoz xəstəliyinin klinikası çoxşaxəlidir. Bu da onların daxil olduqları yerdən digər orqanlara miqrasiya edib öz metabolitləri ilə həmin üzv və toxumaları nə dərəcədə zəhərləməsindən asılıdır.
Helmintozların bioloji terapiyası- Qurdları təmizləyən dərmanlar
Odur ki, belə xəstələrdə temperatur reaksiyası, allergik reaksiyalara (həm ümumi, həm lokal), allergik ekzantemaya, övrə, dermatit, bronxospazm, hətta bronxial astma xəstəliyinə qədər gətirib çıxara bilər. Helmintlər bağırsaqlardan ferment, vitamin, mikroelement, amin turşularının sorulmasını çətinləşdirir. Bu da əqli və fiziki inkişafın geriləməsinə səbəb olur. Bundan başqa, onlar miqrasiya etdiyi üzvlərin funksiyasını pozaraq böyrək, sidik yolları, ginekoloji, oftalmoloji və s. xəstəliklərə səbəb olur. Uşaqlarda daha çox iştahanın azalması, yuxuda ağız suyunun ifrazı, dişlərin qıcanması, qarında ağrılar, qəbizlik, bəzən ishal, ürəkbulanma, yuxusuzluq, yorğunluq, əzginlik, yaddaş zəifləməsi, quru öskürək, qanazlığı və s . kimi simptomlar olur.

Son illər helmintozların müalicəsində geniş təsirli yeni preparatlar təklif edilmişdir. Lakin bu preparatların heç biri 100% effekt vermir və istifadə olunan kimyəvi dərmanlar bir çox əlavə təsirlərə, qaraciyər, böyrək, mədə-bağırsaq sistemində pozulmalara, müxtəlif allergik reaksiyalara səbəb olur. İnteqrativ tibdə helmintozların müalicəsinə kompleks yanaşılır, aşağıdakı üsullardan istifadə edilir:
Helmintozların bioloji terapiyası- Qurdları təmizləyən dərmanlar
1. Drenaj -detoksikasiya terapiya
2. Turşu - qələvi balansının tənzimlənməsi
3. Biotənzimləyici terapiya
4. İzopatik terapiya
5. Ortomolekulyar terapiya
6. Mikrobioloji terapiya
Biotənzimləyici təbabətin bütün müalicə prinsipləri orqanizmə vahid bir varlıq kimi yanaşaraq onun hər hansı bir orqanını ayrılıqda müalicə etmir. Burada istifadə olunan preparatlar orqanizmin daxili özünübərpa sistemini fəallaşdırır və eyni zamanda orqanizmi toksinlərdən təmizləyir. Helmintozların müalicəsinə ilk növbədə onların toksiki-allergik təsirini nəzərə alaraq drenaj-detoksikasiya ilə başlanılır. Bu məqsədlə Lymphomyosot, həmçinin həzm sisteminin drenajı üçün Nux vomica-HA, Hepar compositum, Mucosa compositum preparatlarından istifadə edilir.
Helmintozların bioloji terapiyası- Qurdları təmizləyən dərmanlar
2-ci mərhələdə antihelmint kimi təsir göstərən fitopreparatlardan istifadə edilir. 3-cü mərhələdə orqanizmin müdafiə qabiliyyətinin yüksəldilməsi məqsədilə bağırsaqların mikroflorasının bərpası, immunoloji terapiya, ortomolekulyar terapiya aparılır. Yanaşı olaraq pəhriz saxlamaq da vacibdir: qida rejiminin düzgün qurulması gələcək intoksikasiyaların qarşısını alar, normal baqırsaq mikroflorasının yaşamı üçün münbit şərait yaradar. Pəhriz əsasən təbii qidalardan təşkil olunur, ilkin antigenlər (süd, yumurta, qırmızı ət), həmçinin,

► Konservləşdirilmiş, qızardılmış, hisə verilmiş qidalar
► Karbonatlaşdırılmış sərinləşdirici içkilər
► Duza qoyulmuş tərəvəzlər, konservlər
► Rafinə olunmuş şəkər və şəkər məhsulları
► Sitrus meyvələri və s. istisna edilir.

İzopatik terapiyanın köməyilə (Citrokehl, Sanuvis kimi üzvi turşular) daxili mühit korreksiya edilir, bağırsaqların ferment aktivliyi yaxşılaşdırılır, immun status korreksiya olunur, bağırsaqların selikli qişasının bərpa edilir (Rebas, Fortakehl, Hexacyl preparatları), ödqovucular təyin edilir.


Ortomolekulyar terapiyada vitaminlər, minerallar istifadə olunur.
Mikrobioloji terapiya helmintozların müalicəsində əsas yerlərdən birini tutur, çünki helmintoz xəstəliklərinin əksəriyyətində bağırsaqların mikroflorasının pozulması-disbakterioz, bağırsaqların motorikasının, həzm vəzilərinin funksiyasının pozulması və xroniki infeksiya ocaqlarının əmələ gəlməsi müşahidə olunur.

Mikrobioloji terapiya ilə bağırsaq mikroflorasını bərpa etmək və yerli immuniteti tənzimləmək, həzm prosesini normallaşdırmaq mümkündür (Symbiolact compositum.). Beləliklə, bioloji tənzimləyici terapiyanın üsullarından kompleks şəkildə istifadə etməklə orqanizmin tarazlıqdan çıxmış fizioloji, təbii sistemlərini bərpa etmək, eyni zamanda, xəstəliklərin simptomlarını yox, xəstənin özünü təbii yolla müalicə edərək kimyəvi terapiyanın dağıdıcı təsirinin qarşısını almaq olur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi