Bütöv Azərbaycan Ocaqları (BAO) “Həmin Zaur” verilişində yaşanan biabırçılığa görə açıqlama gözləyir
ARB telekanalında yayımlanan “Həmin Zaur” verilişində yaşanan biabırçılıqdan ölkəmizdə hər kəs hiddətlənib və tezliklə bu özbaşınalığa telekanal rəhbərliyindən açıqlama verilməsini gözləyir.
Verilişdə qonaq olan güneyli soydaşımız Afşin Azərinin aparıcı Zaur tərəfindən aşağılanıb studiyadan qovulması nə ümumi soydaşlıq münasibətlərinə, nə də jurnalist etikasına uyğundur.
Fikrimizcə, Azərbaycanın Güneyindən gəlmiş müğənni, kimliyindən asılı olmayaraq, Arazın o tayında yaşayan 35 milyondan artıq azərbaycanlını təmsil edir. Ona görə də onlar Azərbaycan Respublikasının media orqanlarında ağır mənəvi şərtlər altında yaşayan güneyli soydaşlarımızın danışan dili, haqq bağıran səsi kimi təqdim olunmalıdır. 44 günlük II Qarabağ savaşında Arazın o tayındakı soydaşlarımızın daima yanımızda
olması, Milli ordumuzun uğurlarına ürəkdən sevinib dəstək olması çox da uzaq tarix deyildir.
Təkcə “Qarabağ Azərbaycandır!” şüarına görə şovinist fars rejiminin zindanlara saldığı yüzlərlə milli fəaldan xəcalət çəkməlidir Zaur kimiləri. Onu da deməliyik ki, bu kimi yersiz və düşünülməmiş hərəkətlər istər güneydə, istərsə də burada şovinist fars rejimi qüvvələrinin əlinə yeni fürsət verir, düşmən dəyirmanına su tökür.
Dünyada yaşayan bütün azərbaycanlıların ümummilli maraq və mənafelər zəminində fəaliyyətinin formalaşmağa başladığı bir vaxtda Zaur Kamal tərəfindən Afşinin “İranlı müğənni” adıyla təqdim olunması və sonda təhqirə məruz qalması, hamı kimi, bizi də qəzəbləndirib. Hesab edirik ki, teleaparıcı Zaur Kamalın hərəkəti istər ümummilli həmrəylik və istərsə də milli maraqlarımıza
vurulan ağır zərbədir.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, bu cür hərəkətləri qətiyyətlə pisləyir, Azərbaycan Respublikası teleməkanında Zaur Kamal kimi mülli düşüncə və milli həmrəylik duyğularından məhrum olan jurnalistlərə meydan verilməməsini, konkret olaraq, onun bu anti-milli davranışına görə cəzalandırılmasını və efir məkanından uzaqlaşdırılmasını tələb edirik.
Bütöv Azərbaycan Ocaqları.