azia.az
azia.az

4 institutut yaratdı, bir ay həbsdə yatdı, ölənə yaxın gözləri tutuldu - azərbaycanlı akademikin acı taleyi

23-06-2022, 09:05


Azia.az lent.az-a istinadən Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentindən bəhs edən materialı təqdim edir.
4 institutut yaratdı, bir ay həbsdə yatdı, ölənə yaxın gözləri tutuldu - azərbaycanlı akademikin acı taleyi
O, son zamanlar görmürdü, gözləri tutulmuşdu. Çətinliklə hərəkət edirdi. Demək olar ki, evdən bayıra çıxmırdı. Amma 89 yaşının içində belə həyat eşqi onu tərk etməmişdi.

Son müsahibələrinin birində belə demişdi: "Tələbələrim mənə baş çəkirlər, öz işlərindən danışırlar. Məndən məsləhət alırlar. Mənim özüm də bu yaşda bir gün belə, elmdən ayrılmamışam. İnsanın gözləri görməyə bilər, amma ağıl iti, ruh işıqlı olmalıdır ki, korluğun bilinməsin". Bu gün isə o, gözlərini əbədi yumdu: Akademik Eldar Salayev,

Eldar Yunis oğlu Salayev 31 dekabr 1933-cü ildə Naxçıvan şəhərində anadan olub. 1951-ci ildə orta məktəbi, 1956-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini bitirib. Həmin ildə də Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətinə başlayıb. Əvvəl kiçik elmi işçi, sonra elmi katib, laboratoriya müdiri, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışıb. 1972-ci ildə SSRİ Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunun direktoru təyin olunub.

Eldar Salayev 1963-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1975-ci ildə elmlər doktoru dərəcəsini, 1979-cu ildə professor elmi adını alıb, 1983-cü ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, 1983-1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb. SSRİ xalq deputatı, Azərbaycan Milli Məclisinin deputatı olub.

SSRİ-nin dağılması ərəfəsində Eldar Salayev İttifaq respublikalarıyla elmi əlaqələrin kəsilməməsi üçün xeyli cəhd etdi. Hakimiyyətə gələn Xalq Cəbhəsi Elmlər Akademiyasının bağlanma fikrini ortaya atır.

O zaman prezident olan Eldar Salayev bunun qəti əleyhinə çıxır. Eldar Salayev akademiyada prezident olduğu müddətdə Əlyazmalar, Arxeologiya və Etnoqrafiya, Millətlərarası Münasibətlər , Xəzərin Ekoloji problemləri İnstitutlarının əsasını qoyur. Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində dünyada tanınan alimlərdən sayılırdı.

E.Salayev 420 elmi əsərin və 88 ixtiranın və patentin, 4 monoqrafiyanın müəllifidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi