azia.az
azia.az

FRTEBİN ÜMUMİ YIĞINCAĞI AKADEMİK MƏHƏMMƏD MEHDİYEVİN 80 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ BARƏDƏ QƏRAR QƏBUL EDİB

2-10-2021, 09:18

FRTEBİN ÜMUMİ YIĞINCAĞI AKADEMİK MƏHƏMMƏD MEHDİYEVİN 80 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ BARƏDƏ QƏRAR QƏBUL EDİB

Oktyabrın 2-də tanınmış alim, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Məhəmməd Mehdiyevin 80 yaşı tamam olur.
Bu barədə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Yusif Məmmədov diqqətə çatdırıb ki, Məhəmməd Fərman oğlu Mehdiyev 1941-ci ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olub.
1961-ci ildə Vağazin kənd orta məktəbini bitirən alim Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1970-ci ildə təyinatla AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. Sonralar həmin elmi müəssisənin baş elmi işçisi, şöbə müdiri, Xüsusi Konstruktor Bürosunun elmi işlər üzrə direktor müavini olub.
1975-ci ildə Rostov Dövlət Universitetində “Konik örtük və dəyişən qalınlıqlı dairəvi lövhə üçün üçölçülü gərginlik-deformasiya vəziyyətin asimptotik təhlili” mövzusunda namizədlik, 1989-cu ildə Leninqrad Dövlət Universitetində “Örtüklər üçün elastikiyyət nəzəriyyəsinin bəzi fəza məsələlərinin asimptotik təhlili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
1991-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Məhəmməd Meh-di¬yev 2002-ci ildən kafedra müdiri, 2008-ci ildən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanıdır.
Akademik Yusif Məmmədovun sözlərinə görə, yubilyar bərk cism mexanikası sahəsində gör¬kəmli mütəxəssisdir. Onun tərəfindən elastikiyyət nəzəriyyəsində yeni “bircins həllər” metodu işlənib hazırlanıb. Həmin metodun köməyi ilə örtük və lövhələr üçün elastikiyyət nəzəriyyəsinin üçölçülü məsələsindən ikiölçülü məsələyə keçid problemi öyrənilib, həmçinin örtük və lövhələrin ümumi riyazi nəzəriyyəsi yaradılaraq bu dəqiq münasibətlər əsasında örtük və lövhələrin klassik nəzəriyyəsinin tətbiq olunma oblastı müəyyən olunub.
Akademik Məhəmməd Mehdiyev tərəfindən örtük və lövhələrin klassik nəzəriyyəsinə nə-zə¬rən daha dəqiq olan örtük və lövhələrin yeni tətbiqi nəzəriyyəsi verilib. Deformasiyaların bərk cisim mexanikası sahəsində aldığı fundamental nəticələrlə yanaşı, M.Mehdiyev tərəfindən verilmiş “bircins həllər” metodu diferensial operatorların spektral nəzəriyyəsinə, diferensial tənliklərin asimptotik inteqrallama metoduna ciddi yenilikdir.
M.Mehdiyev impuls təsirli determinik oyunlarda yəhərvari nöqtənin varlığı üçün zəruri şərtlər taparaq həmin şərtlərin zəruri və kafi olduğu sinifləri müəyyən edib. Qeyri-lokal şərtli optimal idarəetmə məsələsində optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər alınıb.
Son illərdə akademik və onun tələbələri tərəfindən anizotropik örtüklərin ümumi nəzəriyyəsi yaradılıb və onun əsasında mövcud texniki nəzəriyyələrin tətbiq olunma oblastları müəyyən edilib.
M.Mehdiyev “AMEA-nın xəbərləri” (mexanika buraxılışı) jurnalının redaksiya heyətinin üzvü və “Bakı Dövlət Universitetinin Xəbərləri” (fizika-riyaziyyat seriyası) jurnalının baş redaktorunun müavinidir.
Akademikin rəhbərliyi ilə 20 elmlər namizədi, 2 elmlər doktoru hazırlanıb. O, 140 elmi əsərin, o cümlədən 4 monoqrafiya, 5 dərslik və dərs vəsaitinin müəllifidir.
Y.Məmmədov bildirib ki, akademik Məhəmməd Mehdiyev riyaziyyat və mexanika elminə verdiyi töhfələrə görə 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Həmçinin “Şöhrət” ordeni ilə təltif olunub.
Sonra FRTEB-in Ümumi yığıncağı akademik Məhəmməd Mehdiyevin 80 illik yubileyinin keçirilməsi məqsədilə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.
Akademik Məhəmməd Mehdiyevi 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin və təhsilinin inkişafı yolunda yeni uğurlar arzulayırıq.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi