Ermənistan aclıq ərəfəsində - Durum daha da pisləşəcək?
“Rusiyaya qarşı sanksiyalar kontekstində Ermənistan iqtisadiyyatı üçün vəziyyət xoş deyil”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Şübhəsiz ki, təkcə Rusiyadakı iqtisadi vəziyyət Ermənistan iqtisadiyyatına birbaşa təsir etməyib. Belə ki, ərzaq tədarükü, inflyasiya və digər çoxsaylı amillər ilə bağlı qlobal iqtisadi gərginlik də ölkə iqtisadiyyatına təsir edib”, - deyə Paşinyan söyləyib.
Qeyd edək ki, onsuz da acınaqlı vəziyyətdə olan Ermənistan iqtisadiyyatı getdikcə daha da pisləşir. Xüsusən də, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda əhalinin sosial vəziyyət getdikcə ağırlaşır. Artıq Baş nazir Nikol Paşinyan belə bu reallıqları və ölkəsinin düşdüyü çıxılmaz vəziyyəti etiraf edir. Bundan xilas olmaq yolu isə Zəngəzur dəhlizinin açılmasından keçir.
Ekspertlər hesab edirlər ki, bunun nəticəsində Ermənistan iqtisadiyyatı yenidən dirçələ bilər. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması Ermənistanı düşdüyü çətin vəziyyətdən xilas edəcək yeganə yol olaraq göstərilir.
İqtisadçı-ekspert Xalid Kərimli Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində Rusiyada baş verən proseslərin Ermənistana ciddi xeyirləri də dəyməkdədir:
“Ümumiyyətlə, bu problemlər Rusiyadan kapital axınına gətirib çıxarır. Bunların da istiqamətlərindən biri Ermənistandır. Ermənistan ilə Rusiya arasındakı yaxşı əlaqələr var, o cümlədən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Bu isə Rusiyadan Ermənistana kapital axınına ciddi rəvac verir. Üstəlik, Rusiyadan Ermənistana göndərilən vəsaitlərin həcmində də kəskin artım baş verib. Amma ki, burada inflayasiya faktoru var. İnflyasiyadan isə təkcə Ermənistan deyil, bütün dünya əziyyət çəkir”.
Ekspert qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Ermənistan ilə Azərbaycan arasında ticarət və kommunikasiya əlaqələrinin formalaşması deməkdir:
“Bu isə təbii ki, hər iki ölkənin maraqlarına uyğundur. Yəni dayanıqlı sülhün formalaşması iki dövlətinin də silahlanma xərclərinin aşağı düşməsinə gətirib çıxaracaq. Həmçinin, sərhədyanı ticarət vasitəsilə Azərbaycan ilə Ermənistan üçün məhsul bolluğu və onların daha ucuz daşınması inflyasiyanı aşağı salacaq təsir göstərəcək.
Düşünürəm ki, Zəngəzur dəhlizi Ermənistanın indiki qarşılaşdığı inflyasiya problemlərinin qarşısını tam almayacaq. Lakin dediyim səbəblərə görə, Zəngəzur dəhlizinin açılması hər iki ölkə üçün faydalı olacaq. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması ilə Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə ticarət ələqalərinin qurulacaq. Bu isə Ermənistan iqtisadiyyatına müsbət təsir edəcək”.
Elmir
Cebhe.info