Türkiyənin qərarı NATO-da məcburidir: Rəsmi Ankaranın sərt reaksiyası ABŞ-ı da “tərksilah” edib
Rəsmi Ankaraya qarşı təzyiqlər ucbatından Türkiyənin NATO-dan uzaqlaşması, Avroatlantika blokunu nəinki ciddi şəkildə zəiflədər, hətta onu çökdürə də bilər... Ona görə də, ABŞ Türkiyənin şərtlərinə müqavimət göstərmir, NATO baş katibi Yens Stoltenberq və Böyük Britaniya rəsmi Ankaranı dolayısı ilə dəstəkləyir...
"Azia.az"ın musavat.com-a istinadən məlumatına görə, Türkiyə beynəlxalq siyasət məkanında şərtləri diqtə edən dövlətə çevrilməyə başlayıb. Rəsmi Ankara Türkiyənin beynəlxalq siyasi iradə mərkəzləri sırasında yer almaq hüququ qazandığını atdığı qətiyyətli addımlarla təsdiqləyir. Və artıq bu reallıqla dünya nəhəngləri də hesablaşmaq məcburiyyətində qalıb.
NATO-nun baş katibi Yens Stoltenberqin “Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə belə sərt reaksiya verəcəyini gözləmirdik” deməsi də rəsmi Ankaranın mövqeyinin hansı ağırlığa malik olduğunu təxmin etməyə imkan verir. Halbuki, Rusiya ilə sərt hərbi-siyasi qarşıdurma vəziyyətində ABŞ və Qərb üçün NATO-nun daha da genişlənməsi əslində, strateji əhəmiyyət daşıyır. Ona görə də, Finlandiya və İsveçin ən qısa zaman intervalında, hətta dərhal NATO-ya üzv qəbul etməyi planlaşdırırdılar.
Ancaq bu, baş vermədi. Daha doğrusu, Finlandiya və İsveçin dərhal NATO-nun “təhlükəsizlik çətiri” altına yerləşdirilməsi mümkün olmadı. Çünki, rəsmi Ankara buna kəskin reaksiya ilə etiraz etdi və hər iki ölkənin NATO üzvlüyü ilə bağlı prosesi blokladı. Əvəzində, rəsmi Ankara Türkiyənin maraqlarından qaynaqlanan haqlı şərtlər irəli sürdü. Və nəticədə Türkiyənin PKK/YPG terror təşkilatını dəstəkləməkdə suçladığı hər iki ölkə NATO-nun qapısı ağzında qaldı.
Finlandiya və İsveçin indiyə qədər Türkiyə ilə apardığı danışıqlarda elə bir ciddi irəliləyiş olmayıb. Rəsmi Ankaranın şərtlərə əməl edilməyəcəyi təqdirdə, Türkiyənin mövqeyinin dəyişməyəcəyini birmənalı şəkildə bəyan etməsindən sonra İsveç və Finlandiya rəsmiləri NATO-ya üzvlük prosesinin ümid edildiyindən daha uzun çəkəcəyini etiraf etdilər. Və Türkiyənin şərtlərindən qaynaqlanan bütün problemlərin həllinə çalışmaq məcburiyyətində olduqlarını vurğuladılar.
Düzdür, İsveçdən fərqli olaraq, Finlandiyanın NATO-ya üzvlüyü daha tez bir zamanda baş verə bilər. Çünki bu ölkənin Türkiyə qarşısında yerinə yetirəcəyi şərtlər daha bəsitdir. Finlandiya hətta Türkiyəyə silah satışına qoyduğu embarqonu iəğv etməklə, bu istiqamətdə önəmli addım da atıb. Halbuki, Finlandiya bəyan edib ki, NATO-ya yalnız İsveç ilə “əl-ələ, qol-qola” qəbul olunmaq niyyətindədir. Əks halda, bu hərbi-siyasi alyansa üzvlüyü düşünmür.
Ona görə də, bütün bunları nəzərə alan NATO baş katibi Y.Stoltenberq də rəsmən bəyan edib ki, İsveç və Finlandiyanın bu ayın sonlarında keçiriləcək sammitdə üzv qəbul olunması baş tutmayacaq. Ən əsasısa, NATO baş katibi bu iki dövlətin üzvlük prosesinin uzanmasına görə Türkiyəni günahkar hesab etmir. Əksinə, Y.Stoltenberqin açıqlamalarının məzmunu onun dolayısı ilə Türkiyəyə haqq qazandırdığını da biruzə verir.
Y.Stoltenberq bildirib ki, NATO İsveç və Finlandiyaya qısa müddətdə üzvlük vəd etməklə, səhvə yol verib. Onun fikrincə, NATO-ya üzv olan heç bir ölkə terror hücumlarından Türkiyə qədər zərər görməyib: “Ona görə də hazırda Türkiyənin haqlı narahatlıqlarını aradan qaldırmaq üçün cəhdlər göstərilir. Önəmli müttəfiqimiz terrorla bağlı narahatlığını bildirəndə biz bunu mütləq ciddi qəbul etməliyik”.
316183Göründüyü kimi, NATO-nun baş katibi əslində, Türkiyənin İsveç və Finlandiyanın hərbi-siyasi alyansa üzvlüyünə qarşılıq irəli sürdüyü şərtləri dəstəkləyir. Üstəlik, onun açıqlamalarında İsveç və Finlandiyanın terroru dəstəklədiyinə yönəlik eyhamlar da var. Yəni, genişlənməkdə maraqlı olan NATO-nun baş katibi bu məsələdə İsveç və Finlandiyanın deyil, məhz Türkiyənin yanında yer almış kimi görünür.
Təbii ki, bu, olduqca önəmli bir məqamdır. Çünki, NATO baş katibinin mövqeyi Türkiyənin Avratlantika bloku üçün əvəzolunmaz dövlət statusuna malik olduğunu da təsdiqləyir. Ona görə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “NATO təhlükəsizlik təşkilatıdır, terrorçulara qucaq açmış ölkələri mühafizə edən qurum deyil” deməklə, İsveç və Finlandiyanı ciddi seçim qarşısında buraxmağı bacarıb.
İndi hər iki ölkə ya terrorçulara dəstəyini davam etdirərək, NATO-nun qapısı ağzında hələ uzun müddət gözləməli olacaq. Ya da NATO-nun “təhıükəsizlik çətiri” altına sığınmaq şansı qazanmaq üçün Türkiyənin bütün şərtlərini yerinə yetirməyin yollarını axtaracaq. Əks halda, rəsmi Ankaranın hər hansı şəraitdə mövqeyini dəyişə biləcəyinə ümid bəsləmək tamamilə yersizdir.
316181Məsələ ondadır ki, NATO-da xüsusi patronajlıq statusu olan ABŞ belə, “tərksilah” edilmiş vəziyyətə düşüb və Türkiyənin şərtlərinə qarşı müqavimət göstərə bilmir. Böyük Britaniya isə dolayısı ilə Türkiyənin mövqeyini dəstəkləyir. İsveç və Finlandiyaya terrorçu təşkilatlara verilən dəstəkdən imtina olunmasında siyasi müzakirələr təklif edir. Digər tərəfdənsə, rəsmi London Türkiyəyə qarşı hərbi embarqoları da dərhal ləğv etməklə, həmrəylik göstərib.
Bütün bunlar onu göstərir ki, Türkiyə NATO üçün İsveç və Finlandiyanın üzvlüyündən daha əhəmiyyətli dövlətdir. İki dövlətin birlikdə cəmisi 30 minə yaxın hərbi qüvvəsinin olduğunu nəzərə aldıqda, üstəlik, Ukrayna savaşı üzərindən Rusiya ilə hərbi-siaysi savaşın aparıldığı bir şəraitdə İsveç və Finlandiyanın NATO üçün əhəmiyyətini Türkiyə ilə müqayisə etmək belə, mənasız görünür. Çünki, Türkiyə NATO daxilində ABŞ-dan sonra ən çoxsaylı və güclü orduya sahibdir.
Belə vəziyyətdə Finlandiya və İsveçin NATO-ya üzvlüyündə israrlı mövqe tutmaqla, Türkiyənin bu quruma üzvlüyünü təhlükə altına salınması, Avroatlantika blokunu nəinki ciddi şəkildə zəiflətmək, hətta çökdürmək anlamı daşıya bilər. Ona görə də, rəsmi Ankara Türkiyənin NATO üçün önəmini tam dəqiqliyi ilə bildiyindən öz haqlı tələblərindən geri çəkilmək niyyətində deyil. Bu baxımdan, yalnız Finlandiya və İsveçin deyil, ümumiyyətlə, NATO-nun gələcək taleyi, onun hədəfləri böyük ölçüdə məhz Türkiyədən asılı vəziyyətə düşmüş kimi görünür.