azia.az
azia.az

Nəcməddin Sadıkovun həbsinə hansı dövlət mane olur - ŞOK iddialar

3-06-2022, 11:16

Nəcməddin Sadıkovun həbsinə hansı dövlət mane olur - ŞOK iddialar
Orduda “təmizləmə” həbslərlə müşahidə olunur. Məlumatlara görə, həbs edilənlərin böyük əksəriyyəti Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıkovun yaxın ətrafıdır.

Son olaraq hərbi dairələrdə “şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıkov ətrafında halqanın daralması kimi izah edilir. Bildirilir ki, Nəcməddin Sadıkov vəzifədə olduğu dövrdə “şlyapa Zahid” təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu və pul qazanırdı. Sabiq vergilər naziri Fazil Məmmədov, Nəcməddin Sadıkov və Zahid Niftəliyevin birgə Ukraynada tütün fabriki olub. Fabrikin 13 faizi Zahid Niftəliyevə məxsus olub. Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıkova böyük zərbə kimi izah edilir.

Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov “adı korrupsiya cinayətlərində hallanan Baş Qərargahın keçmiş rəisi Nəcməddin Sadıkovun həbsi ehtimalı artırmı” sualını belə cavablandırıb: “Şlyapa Zahid” getdi... Ancaq Nəcməddin Sadıkovun həbsi Ukraynadakı müharibənin nəticəsindən asılıdır. Biz nə qədər Kremlin, Putinin təsirindən uzaq olsaq, Nəcməddinin və digərlərinin həbsi şansı bir o qədər artacaq. Əgər Rusiya orada hərbi və siyasi mənada tam məğlub olsa, Azərbaycanda nəinki Nəcməddin, Kremlin “5-ci kolon”unun bütün nümayəndələri “buldozerin ağzına veriləcək”... Yox, Allah eləməmiş, Moskva - Putin Ukraynada qalib çıxsa, onda Nəcməddin də, bütövlükdə “5-ci kolon” da burada yenidən hökmranlıq əldə edə və Azərbaycan üçün daha təhlükəli oyunlar oynaya bilər..."

Nəcməddin Sadıkovun hələ də həbs edilməməsi Rusiya amili ilə izahı nə qədər gerçəkdir? DİA.AZ-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, sabiq rəisin Rusiya hərbi-siyasi elitası ilə əlaqələri gizlin deyil. Nəcməddin Sadıkovun uzun illər Baş Qərargah rəisi postunu tutması da bu amillə bağlı olub: “Rusiyanın regionda təsirləri azaldıqca, Türkiyənin nüfuzu artdıqca, Nəcməddin Sadıkov kimi Rusiya ilə geniş əlaqəli kadrlar vəzifədən gedəcək, həbs olunma ehtimalları böyük olacaq. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri nə qədər geniş olsa da, artıq dövr dəyişib. Azərbaycan Rusiyanın təsir dairəsindən uzaqlaşdıqca, orduda vəziyyət dəyişəcək. 44 günlük Vətən müharibəsi göstərdi ki, Türkiyə ordu modelinin mənimsənilməsi ölkəmiz üçün həyati vacib məsələdir. Belə bir modeldə Nəcməddin Sadıkov kimilərə yer yoxdur. Rusiya ilə əlaqələri olan Rövşən Əkbərov artıq həbsdədir. Nəcməddin Sadıkov da belə bir aqibətdən sığortalanmayıb. Həbs qərarı veriləcəksə, bir anın içində qandallanacaq. Ona Rusiyadakı ”dayı"ları kömək edə bilməyəcək".

Natiq Ələsgərov deyir ki, Nəcməddin Sadıkov 1993-cü ildən 2020-ci il Vətən müharibəsinin ilk ongünlüyünə qədər Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsini daşıyıb: “Ətrafına yığdığı kadrların köməyi ilə Müdafiə Nazirliyi sistemində rüşvət və korrupsiya bataqlığı yaradıb. Sonuncu həbs olunan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev buna bariz nümunədir. Hazırkı mərhələdə onun işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Araşdırmalar zamanı məlum olub ki, Zahid Niftəliyev Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddətli hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan hərbi qulluqçuların xidməti yerlərinin pul müqabilində dəyişdirilməsini təmin edib. Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. O, həmçinin qanunsuz sahibkarlıqla da məşğul olub. Nəcməddin Sadıkovun ən yaxın adamı Zahid Niftəliyev dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunur. Lakin ibtidai istintaqın gedişində onun barəsindəki ittihamın daha ağır maddələrə tövsif olunma ehtimalı var. Yəni Nəcməddin Sadıkovun ətrafı bu xislətdə olan kadrlardır. Ətrafını isə onun özü formalaşdırıb.

Xatırlayırsızsa, Vətən müharibəsinin ilk günlərində, 2020-ci il oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıkov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi. Oktyabrın 10-da isə Nəcməddin Sadıkov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Əslində həmin gündən Nəcməddin Sadıkovun həbsi gündəmdədir. Bunu özü də bilir. Çünki onun neqativ, daha çox düşmənə sərf edən fəaliyyəti ən təvazökar araşdırma ilə cinayət işinin materialı ola bilər. Nəcməddin Sadıkov vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırçı şəkildə danışması daim tənqid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda xəbərlər var. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu “Milli Qəhrəman” adına layiq görməsi, Dərbənddə adına küçənin olması Baş Qərargah rəisi vəzifəsində olduğu müddətdə daha çox şimal qonşumuza xidmət etməsi kimi qəbul olunub. Onun NATO tədbirlərindən birində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ildə Nəcməddin Sadıkovun Mikael Arutyunyanla görüşü birmənalı qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə bir keçmişə malik düşmən generalı ilə Nəcməddin Sadıkovun xoş ünsiyyəti haradan qaynaqlanır? Digər bir diqqətçəkən məqam da Nəcməddin Sadıkovun yerli mətbuatın tənqidinə məruz qaldığı illərdə onu daha çox yerli rusdilli medianın, Ramiz Mehdiyevin ruporlarından hesab edilən mətbuatın müdafiə etməsi olub. Nəcməddin Sadıkovun Birinci Qarabağ savaşı dövründə Rusiyadan Azərbaycana gəlməsini xüsusilə qeyd edən həmin media bu faktı onun Rusiyaya bağlılığını təkzib edən məqam kimi təqdim edirdi. Yəni Sadıkov Rusiyadan vətənpərvərlik nümunəsi göstərərək Azərbaycana gəlib, Qarabağ savaşına qatılıb və belə bir şəxs Rusiyanın maraqlarından çıxış edə bilməz. Əslində isə bu, gülünc bir əsas hesab edilə bilər. Sadıkov o dövrdə ölkəyə qayıdan vətənpərvər zabitlərin sırasına qatılıb gəlsə də, onun Kəlbəcərin verilməsində müstəsna rolu olması da uzun illər müzakirə mövzusu olub. Bu və bir cür çoxsaylı suallar var ki, bu gün də cavablandırılmayıb".

Natiq Ələsgərov deyib ki, siyasi qərar verilərsə, Nəcməddin Sadıkovun həbsi üçün yetirincə əsaslar var. Bu halda onu Rusiya ilə əlaqələri də xilas edə bilməz.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi