Rəfael Cəbrayılovun qardaşı məsuliyyətə cəlb olunmalıdır - Vəkil
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, barələrində məcburi gətirilmə qərarı verilmiş Təranə Fətəliyeva və Vidadi Məmmədov məhkəməyə gəlməyiblər.
Zərərçəkmiş şəxslərin müdafiəçisi vəkil Kamandar Nəsibov deyib ki, bu gün məhkəmədən yayınan Təranə Fətəliyeva cinayət işi üzrə əsas şahidlərdən biri olmaqla yanaşı, mərhum şəxsin qardaşı Elşən Cəbrayılovun da əməllərindən xəbərdardır.
"Zərərçəkmiş şəxslərin bir neçəsini də Rafael Cəbrayılovla əlaqələndirən Tərəna olub", -vəkil deyib.
Hakim bildirib ki, məcburi gətirilmə qərarının icra olunmaması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) yenidən müraciət edəcək.
Kamandar Nəsibov deyib ki, iki gün əvvəl dələduzluqda təqsirləndirilərək barəsində cinayət işi başlayan Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun bu işlə də bilavasitə əlaqəsi var. Müdafiəçi Elşən Cəbrayılovun cinayət işi ilə bağlı olması barədə məhkəməyə sənədlər təqdim edib: "Bu günlərdə məlum oldu ki, Elşən barəsində başqa bir rayonda cinayət işi açıblar. Buradan da aydın olur ki, o, əvvəldən dələduzluqla məşğul imiş. Bu cinayət işində də onun əli var. Elşən burada ifadə verəndə deyirdi ki, mən Allah adamıyam, namaz qılıram. Amma sübut olundu ki, dələduzluqla məşğul imiş. Hesab edirəm, hazırkı iş yenidən istintaqa qaytarılmalı və Elşən Cəbrayılov da işə cəlb olunmalıdır."
Hakim hazırda Elşən Cəbrayılovun deyil, Rafael Cəbrayılovun işinə baxıldığını deyib.
Növbəti proses aprelin 28-nə təyin olunub.
Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.
Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.
Xatırladaq ki, Xatırladaq ki, Rəfael Cəbrayılov dələduzluda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin bir neçə prosesi davam edib. Bu il sentyabrın 30-da R. Cəbrayılov koronavirusdan müalicə olunduğu Yeni Klinikada vəfat edib.
Mənbə:My Webpage