azia.az
azia.az

“Tariyel Qurbanovun köməyi ilə onu həbsdən çıxaracağını dedi” - MƏHKƏMƏ

14-04-2022, 13:15

“Tariyel Qurbanovun köməyi ilə onu həbsdən çıxaracağını dedi” - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin adından istifadə edərək dələduzluq və rüşvət verməyə cəhd kimi əməllərdə təqsirləndirilən şəxsə hökm oxunub. 1993-cü il təvəllüdlü Elmir Musayev xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd və rüşvət verməyə təhrik etmə maddələri ilə təqsirli bilinib və ona 6 il həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, ötən ilin fevralında külli miqdarda narkotik vasitə əldə etmə və qaçaqmalçılıqda ittiham olunan Səbuhi Həsənovun qardaşı Sahil Həsənov meyxanaçı dostu “Tural Montinli” vasitəsilə Elmirlə tanış olub. Elmir onlara Səbuhinin işini həll etməkdə kömək edə biləcəyini və onun məhkəmə baxışı zamanı azadlığa buraxılmasını təmin edə biləcəyini deyib. O, qohumu kimi təqdim etdiyi Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Tariyel Qurbanov vasitəsilə bu işləri həll edəcəyini və bunun müqabilində əvvəlcə 25 min manat verilməli olduğunu deyib. Lakin o, daha sonra məbləği 20 minə endirib. Meyxanaçı kimi tanınan Sahil isə pulun 4500 manatını Elmirə verib, qalan hissəsini isə qardaşı Səbuhinin azadlığa buraxılmasından sonra verəcəyini bildirib.

Lakin bir müddət keçdikdən sonra Elmirin yalan danışdığı, Tariyel Qurbanovla əlaqəsinin olmadığı məlum olub.

Məhkəmədə ifadə verən Elmir Musayev T.Qurbanovun məsələdən xəbər tutduqdan sonra ona zəng etdiyini bildirib: “14 iyul 2021-ci il tarixdə saat 19 radələrində telefonuma zəng gəldi. Cavab verdikdə zəng edən şəxs özünü Baş Prokurorluğun Dövlət təhlükəsizliyi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri "Tariyel müəllim” adı ilə təqdim edərək onu tanıyıb-tanımadığımı soruşdu. Həmin şəxsə onu tanımadığımı və ilk dəfə olaraq onunla telefonla danışdığımı bildirdim. Özünü prokurorluq əməkdaşı "Tariyel müəllim" kimi təqdim edən şəxs mənə "sən məni tanımırsansa, nə üçün və hansı səbəbdən Sahil adlı şəxsdən guya hansısa işin görülməsi müqabilində mənə vermək adı ilə 4500 manat pul almısan?" deyə sual verdi. Tariyel müəllimə cavab olaraq onu tanımadığımı, heç vaxt Sahil və ya digər şəxsdən ona vermək adı ilə, yaxud da onun adından istifadə etməklə pul almadığımı, 4500 manat pulu altı ay müddətinə qaytarmaq şərtilə borc aldığımı dedim. Bundan sonra Tariyel müəllimlə danışıq kəsildi”.

Məhkəmədə çıxış edən zərərçəkmiş tərəf isə Elmirin ilk gündən Tariyel Qurbanovla qohum olduğunu dediyini, aldığı pulları da ona verdiyini təkrarlayıb: “Biz Elmirlə əlaqə saxlayıb pulları geri tələb etdikdə, o “gedin kimə şikayət edirsiniz, edin” dedi. Nəhayət Tarıyel müəllimi tapıb onunla danışdıq. O, Elmir adlı şəxsi tanımadığını bildirdi və adından istifadə edilməsi ilə bağlı Baş Prokurorluğun rəhbərliyinə məlumat verəcəyini, bizim isə aidiyyəti üzrə şikayət etməyimizi dedi”.

Qeyd edək ki, Elmirin azadlığa buraxdıracağını söz verdiyi Səbuhi Həsənov ötən ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birgə tutulan bacısının əri Qadir Baladadaşova isə 20 il həbs cəzası verilib.

Xatırladaq ki, T.Qurbanov uzun müddət Qaradağ və Hacıqabul rayonlarının da prokuroru olub. O, son olaraq Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb və bu ilin mart ayında vəzifədən azad edilib.

T.Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır. O, bir neçə il əvvəl sol əli ilə hərbi salam verdiyinə görə də mətbuatın gündəminə gəlmişdi.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi