azia.az
azia.az

"Rusiya MN-nin Qarabağla bağlı açıqlaması həyasızlığın sonsuzluğudur"

27-03-2022, 15:11

"Rusiya MN-nin Qarabağla bağlı açıqlaması həyasızlığın sonsuzluğudur"
"Rusiya Müdafiə Nazirliyi bütün dünyanın gözü qarşısında Ukraynanın ərazi bütünlüyünə qəsd etməsindən zərrə qədər utanmadan belə bir açıqlama verib: "Azərbaycan Ordusu üçtərəfli bəyanatın müddəalarını pozaraq, Sülhməramlı Qüvvələrin məsuliyyət zonasına daxil olub. PUA ilə DQ silahlı birləşmələrin bölmələrinə 4 zərbə endirilib. Hazırda Rusiya sülhməramlılarının komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə dönməsi üçün tədbirlər görür"".
Xəbər verilir ki, bunu hüquqşünas Ələsgər Məmmədli Rusiya Müdafiə Nazirliyinin Azərbaycana qarşı bəyanatına münasibət bildirərkən deyib.
O, hesab edir ki, Rusiya MN-nin bu açıqlaması həyasızlığın sonsuzluğudur:

"22 fevralda imzalanan və daha mürəkkəbi qurumamış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin 1-ci maddəsini Rusiya MN-nin bu açıqlamanı verənlərin gözünə soxmaq lazımdır.

Müttəfiqlik Bəyannaməsinin 1-ci maddəsi deyir:

Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

Belə olan halda Rusiya nə haqla Azərbaycanın müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə kölgə salan, onu yox sayan ifadələr işlədə bilər? Necə “Sülhməramlı Qüvvələrin məsuliyyət zonası”, “DQ silahlı birləşmələrin bölmələri” ifadələrini işlədərək müttəfiq saydığı ölkənin ərazi bütövlüyünə qəsd edə bilər?

O zaman sual yaranır, Bəyannamənin 18-ci maddəsində bu ifadələr kimə yönəlib?

“Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

Əgər siz Rusiya Azərbaycan ərazisində separatçılara, qanunsuz silahlı qruplara sahib çıxıb, onları bu Bəyannamədən kənarda tutacasızsa, bu sənəd kim üçün öhdəlik yaradacaq?"

Ə.Məmmədlinin fikrincə, Azərbaycanın XİN-i dərhal Rusiyanın Müdafiə Nazirliyinin rəsmi qaydada müttəfiqlik bəyannaməsinə zidd davrandığı üçün öz açıqlamasını geri çəkməsini və bir daha Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşıb, zərər verməməsini tələb etməlidir:

"Ayrıca, 10 noyabr bəyanatında 4-cü maddənin (4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.) dərhal işləməsini əks halda Laçın koridorunun da 4-cü maddə icra olunana qədər dayandırılacağını bəyan etməlidir. Bu günün şərtləri bu addımı diqtə edir".

Aynurə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi