Əsgər Ələkbərov HƏBS OLUNA BİLƏR - Korrupsiya şübhəsi...
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sabiq sədri Əsgər Ələkbərov həbs edilə bilər.
Xəbər verilir ki, bundan öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sözügedən qurumun ayrı-ayrı səlahiyyətli şəxsləri barədə araşdırma aparıb, qanun pozuntuları aşkarlayıb. Əsgər Ələkbərovun da həmin qanun pozuntuları ilə bağlı həbs ehtimalının olduğu bildirilir.
Ə.Əsgərov "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri olmamışdan əvvəl "Qala Həyat" sığorta şirkəti ASC-nin İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.
Əsgər Ələkbərov kimdir?
O, 13 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmə fakültəsini bitirib. 1994-1996-ci illərdə Azərbaycan Beynəlxalq Bankında beynəlxalq əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.
Ə.Ələkbərov 1996-2002-ci illərdə "HSBC Bank Middle East" Bakı ofisində xəzinədarlığın müdiri və əməliyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 2002-ci ildə "LFS Financial Systems GmbH" şirkətində və Asiya İnkişaf Bankının Bakı ofisində məsləhətçi vəzifəsində çalışıb.
O, 2003-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Milli Koordinasiya Bürosunun icraçı direktoru və Xarici İnvestisiyaların və Yardımların Əlaqələndirilməsi şöbəsinin müdiri vəzifələrində çalışıb. 2009-2010-cu illərdə "Merkuri Konsaltinq" şirkətində müdir müavini vəzifəsində işləyib. 2010-2012-ci illərdə "CİFAL GROUPE" şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb. Sabiq sədr 2012-ci ildən "Qala Həyat" SŞ ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Ailəlidir, 1 qızı və 1 oğlu var.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Əsgər Əyyub oğlu Ələkbərovun "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər qərarı ilə Şahin Kamil oğlu Seyidzadə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. My Webpage
Mənbə sfera.az