Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının Xocalı faciəsinə həsr olunan tədbiri keçirilib
25 fevral 2022-ci ildə Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) Xocalı faciəsinə həsr olunan tədbiri keçirilib. Tədbiri giriş sözü ilə GAMŞ-ın sədri Günel Qurbanlı açıb. Sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Günel Qurbanlı bu faciənin XX əsrin ən dəhşətli hadisələrindən biri olduğunu, amansız qırğın aktının xalqı tamamilə məhv etmək niyyəti ilə törədildiyini bildirib. O, illərdir xalqımızın yaşadığı faciələri beynəlxalq aləmə çatdırmaq üçün gənclərin yorulmadan çalışdıqlarını, Xocalı faciəsinin mahiyyətinin dünyaya tanıdılması istiqamətində səylərinin birləşdirilməsinin vacibliyini qeyd edib.
Sonra kiçik elmi işçilər Aidə Dünyamalıyeva, Nurlanə Mirzəyeva və Sevda Abdalova çıxış edərək Xocalı faciəsi ilə bağlı faktlardan bəhs ediblər. Onlar Xocalı soyqırımı zamanı dinc şəhər sakinlərindən ibarət 613 azərbaycanlının (o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca) xüsusi qəddarlıqla qətlə yetirildiyini, 8 ailənin bütünlüklə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini, 1275 nəfərin girov götürüldüyünü və yüzlərlə dinc sakinin amansız işgəncələrə məruz qaldıqlarını, ağır xəsarətlər aldıqlarını bildiriblər. Xocalı soyqırımının insanlıq tarixində ən dəhşətli kütləvi terror aktlarından biri olduğunu qeyd ediblər. Soyqırım bəşəriyyətin sağalmayan yarasıdır, dərin və sağalmaz iz buraxır, dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!
26 fevral Azərbaycanın və hər bir azərbaycanlının qəlbində 1992-ci ildən sonra ağrı-acısı, faciəsi, hüznü ilə yadda qalıb. Həmin gün yaşanan o vəhşət heç bir zaman yaddaşlardan silinməyəcək!