Kasıbların son qəpiyini xərclədiyi "Poz Qazan": real uduş, yoxsa qumar? - Açıqlama
“Azərlotoreya”nın bir qolu olan “Poz Qazan” Azərbaycanda geniş vüsət alıb. İnsanlar cibindən çıxaran son qəpiyini bu lotoreyalara xərcləyirlər.
Onların satış məntəqələri bütün dayanacaqları, metro girişlərini, hətta marketlər şəbəkəsini zəbt edib. Bu oyun kartını alanlar arasında kişilərlə yanaşı qadınlar, hətta məktəblilər də var.
Bəs asan qazanc mənbəyi kimi bu lotoreyaya müraciət edən insanların taleyi necə olacaq? Bu təhlükədən insanları necə qoruyaq? Bu oyun ləğv oluna bilərmi?
Məsələ ilə bağlı Bakupost.az -a danışan millət vəkili Razi Nurullayev əvvəllər özün də bu cür lotereyalar aldığını deyib:
“İnsanlar Allahı, Peyğəmbəri çağırıb bir lotereya alır, düşünür ki, pul, yaxud mənzil, maşın udacaq. Bəxtini sınamaq istəyir. Lakin bunların hamısı yalan üzərində qurulub.
Bu oyunlar qanuni şəkildə fəaliyyət göstərir. Əvvəllər mən özüm də bu cür lotereyalar almışam. 1990-cı illərdə Rusiyada, Türkiyədə, Azərbaycanda bunu etmişəm, söhbət 1990-cı illərdən gedir.
Həmin vaxtdan bilirəm ki, bunların hamısı yalan üzərində qurulub. İnsanlar kütləvi şəkildə alırdılar, bütün ciblərini doldururdular. Amma indi bu lotereya oyunlarında bir qayda, standart var ki, sən nə qədər qazana bilərsən, nə qədər biletdə nə qədər uduş olmalıdır? Bu oyunlar Azərbaycanda nə dərəcədə qanuni şəkildə həyata keçirilir, bundan xəbərsizəm. Amma ümumilikdə bu oyunlara inanmıram”.
Millət vəkili bu oyunların həyata keçirilməsi ilə bağlı standartların müəyyənləşməli olduğunu bildirib:
“Bu qumar deyil, bütün dünyada oynayırlar. Həmçinin Azərbaycanda da qadağan olunmayıb. Bunları metro qarşısında daha çox insan olduğuna görə orada satmağa çalışırlar. Əgər onlar vətəndaşların gediş-gəlişinə əngəl törədir, narahatlıq yaradırsa bu qanunsuzluqdur. Vətəndaşlarımızı diqqətli olmağa çağırıram. Düzdür, bu Azərlotereyadır, dövlət qurumudur, nə dərəcədə orda qanunlar işləyir yaxud işləmir onu bilmirəm. Çünki Azərbaycanda bütün qanunların yazıldığı formada işlənməməsinin şahid oluruq. Bir çox insanlar Azərbaycan qanunlarını öz xeyirlərinə, özlərinin varlanması üçün istifadə edirlər. Bu reallıqdır ki, dövlətin büdcəsini də özləri üçün istifadə edirlər. Bu da bir növ biznesə çevrilib. Araşdırmaq lazımdır ki, bu oyunlar doğrudan da standartlara uyğundurmu?”.
R.Nurullayev bu oyunların son zamanlar daha geniş təbliğ olunduğunu diqqət çəkib:
“Bu oyunların təbliğatı zamanı deyirlər, oynayın mənzil, yaxud avtomobil udun. Bu təbliğatçıların içindən biri çıxıb deyər ki, neçə milyon biletdən sonra bir bilet uduşludur? Bunu da insanlara demək lazımdır. Əlavə bunların təbliğini bəzən radio və ya televiziya verilişləri də edir. Məsələn, sual verilir ki, SOCAR-ın keçmiş binası, Heydər Əliyev Mərkəzinin keçmiş binası yaxınlığındakı meydanın adı nədir. Hamı bilir ki, bu Azneftdir. Məhz bu sual üçün, insanlar 50 qəpik, 1 manat dəyərində “sms” göndərməyə başlayır. Görün nə qədər insan “sms” göndərir. Onların içərisindən 1 nəfər 20-30 manat udacaq, ya da 20-30 manat verib, əvəzində ya bir neçə manat, ya da heç nə qazanmırlar. Hesab edirəm ki, bunlar birbaşa cinayət əməlidir”.