azia.az
azia.az

Əli Əliyevlə bağlı İlham Əliyevə müraciət edildi

15-02-2022, 14:14

Əli Əliyevlə bağlı İlham Əliyevə müraciət edildi
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə bağlı ölkə başçısına müraciət edib, bu barədə İctimai Birliyin yaydığı açıqlamada qeyd olunur.

Təşkilat İlham Əliyevə ünvanladığı müraciətdə bildirib ki, VİP sədrinin həyatı təhlükədədir.

"Vətəndaş və İnkişaf Partiyasının sədri, qurama xüsusi ittiham qaydasında barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən 5 ay müddətinə qanunsuz azadlıqdan məhrum edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan müxalifət lideri Əli Əliyevin həyatı təhlükədədir", - deyə o bildirib.

Təşkilatın sədri Fikrət Cəfərli deyir ki, bu barədə Əli Əliyev özü məhkəmədə məlumat verib.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq, Vətəndaş və İnkişaf Partiyasının sədri, müxalifət lideri Əli Əliyevin Yasamal rayon Məhkəməsinin onun barəsində çıxartdığı ədalətsiz hökmdən verdiyi apelyasiya şikayəti ilə əlaqədər olaraq, 14.02.2022-ci tarixinə saat 10:30-a təyin edilmiş Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak etdik. Müxalifət lideri Əli Əliyev məhkəmə prosesində hazırda saxlanıldığı Bakı İstintaq Təcridxanasında ölümlə hədələndiyini bəyan etdi və bildirdi ki, o istintaq təcritxanasında hər an öldürülə bilər",-deyə o bildirib.

Açıqlamada Əli Əliyevlə bağlı yaranmış vəziyyətdən narahatlıq ifadə olunur.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq narahatlığımızı ifadə edir və bu məsələni şəxsi nəzarətinizə götürməyinizi, qanunsuz, qurama ittihamla həbs edilmiş müxalifət liderinin həbsdən buraxılmasını xahiş edirik", - deyə əlavə edib.

Fikrət Cəfərli "Arqument.az"-a deyib ki, müraciət beynəlxalq təşkilatlara da göndərilib.

Əli Əliyev noyabrın 30-da Xızıda – Qaraheybət poliqonunda qəzaya uğramış helikopterdən sağ çıxan Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik Emil Cəfərovun şikayəti əsasında cəzalandırılıb.

O, dekabrın 9-da "Youtube” platformasındakı "Osmanqızı” kanalında bu qəzanı şərh edərkən deyib ki, telekanallarda müsahibə verən və qəzadan sağ çıxdığı bildirilən iki zabitin əslində, hadisə vaxtı vertolyotda olduğuna inanmır.

Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə hökm oxunub.

Partiya sədri Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə 5 ay azadlıqdan məhrum edilib.

Fevralın 14-də VİP sədrinin apelyasiya şikayəti təmin olunmayıb, Yasamal Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanıb. (toplum tv)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi