azia.az
azia.az

Azərbaycanda həbsdə olan bütün iranlı qadınlar ölkələrinə təhvil verildi - RƏSMİ

20-01-2022, 12:00

Azərbaycanda həbsdə olan bütün iranlı qadınlar ölkələrinə təhvil verildi - RƏSMİ
Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib.

Bu barədə Sfera.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir.

Bildirilib ki, nazirlik tərəfindən 34 dövlətin, o cümlədən Avropa, Asiya, Afrika qitələrindən, Yaxın Şərq, MDB və sərhədyanı ölkələrin ədliyyə qurumları ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edilir.

Bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq ötən ildə 23 minə çatıb.

"Qonşu və dost İranın Ədliyyə Nazirliyi ilə əməkdaşlığa dair Memorandum və Birgə Bəyanat, həmçinin hüquqi yardım sahəsində dövlətlərarası müqavilələr çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət, o cümlədən məhkumların cəzalarının qalan hissəsinin çəkilməsi üçün vətəndaşları olduqları ölkələrə verilməsi həyata keçirilir. Dövlətimizin hər zaman qarşılıqlı hörmətə, mehriban qonşuluğa əsaslanan humanist siyasətinin və xoş niyyətinin əyani təzahürü olaraq cari il yanvarın 19-da ölkəmizdə cəza çəkən 3-ü qadın olmaqla 21 nəfər iranlı məhkum xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib. Bununla da Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib".

Nazirlikdən vurğulanıb ki, bütün bu tədbirlər məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına, öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə və sosial adaptasiyasına xidmət edir.

"Beləliklə, son 5 ildə 136 məhkum qarşı tərəfə verilib, bununla yanaşı dövlətimizin humanist aktları ilə həmin dövrdə 100-ə yaxın iranlı məhkum fərdi qaydada Azərbaycan Prezidenti tərəfindən əfv olunub, qəbul edilmiş amnistiya aktları, o cümlədən Zəfər Günü münasibətilə elan olunmuş amnistiya və ya digər aktlarla vaxtından əvvəl cəzadan azad ediliblər. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər bundan sonra da davam etdirəcəkdir", - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi