azia.az
azia.az

Aclıq aksiyası keçirən jurnalist Polad Aslanovun həyat yoldaşından etiraz - VİDEO

17-01-2022, 15:29

Aclıq aksiyası keçirən jurnalist Polad Aslanovun həyat yoldaşından etiraz - VİDEO
Bu gün, yanvarın 17-də həbsdə olan xeberman.com saytının rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova Azərbaycan Respublikasının Baş Prokurorluğunun önündə etiraz aksiyası keçirib. Gülmirə Aslanova həyat yoldaşının ya azadlığa buraxılmasını, ya da həbsdə saxlanması üçün keçərli faktların təqdim edilməsini tələb edib. Aksiyadan sonra Gülmirə Aslanova polis bölməsinə qəbula aparılıb.

"Həyat yoldaşım Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşlarının sərhəddə korrupsiya, rüşvətxorluq əməllərindən bəhs edən yazı yazıb. Məşhəd, Kərbəla ziyarətinə gedən zəvvarların hər birinə görə bu səfərləri təşkil edən firmalardan DTX əməkdaşlarının rüşvət alması barədə araşdırma yazısı idi. Yazı ilə məlum oldu ki, firmalar bu cür əlavə pulları da səfər xərcinin üstünə gəlir, ona görə qiymət baha çıxır. Daha sonra xidmət əməkdaşları onu bu yazıya görə şərləyərək həbsə atdırdı, 2 il 6 aydır həbsdədir. 12 gündür ki, qanunsuz həbsə görə 1 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirir. Polad Aslanov Vətənə xəyanətdə ittiham edilir. Biz dəfələrlə müraciət etmişik ki, onun cinayəti törətməsi ilə bağlı bizə fakt-sübut təqdim edilsin. Ancaq heç bir fakt göstərilmir. Bu da mənim həyat yoldaşımın sırf jurnalist fəaliyyətinə görə həbs edilməsinin göstəricisidir Aidiyyatı üzrə istər mən, istərsə də yoldaşım dəfələrlə müraciət etmişik. Amma ortada heç bir nəticə yoxdur", - deyə o bildirdi.

Gülmirə Aslanova həyat yoldaşının vəziyyətinin hazırda ürəkaçan olmadığını söylədi.

"Həyat yoldaşım ilə danışmağıma məhdudiyyətlər qoyulub, vəkilin onunla görüşünə icazə verilmir. Aclıq aksiyasına başladığı gündən də vəziyyəti pisləşib.Bu gün səhər danışmışam. Səsi güclə çıxırdı, tamamilə zəifləyib. Çünki 40 kiloqram çəki ilə aksiyaya başladı, mədəsində, ürək-damar sistemində problemlər var. Nəfəs almasında çətinlik yaşayır. Onun bu aksiyası həyatı üçün böyük riskdir",- deyə jurnalistin həyat yoldaşı bildirdi.

Gülmirə Aslanova deyir ki, o, həyat yoldaşının azadlığa buraxılmasını tələb etmir, sadəcə, cinayət əməlinin sübut olunmasını istəyir.
"Mən bilirəm ki, hər hansı fakt yoxdur və düzgün araşdırılsa, Polad Aslanov azadlığa buraxılmalıdır. Xahiş edirəm çıxıb mənə sübut etsinlər ki, Polad Aslanov casusdur, dövlətə xəyanət edib. Yoxsa biz haqsız yerə bu ağır ittihamla razılaşmayacağıq. Mənim övladıma nəyə görə atan casusdur deyilməlidir? Bununla bağlı mənə və 3 vəkilimizə hər hansı bir sübut təqdim etməyiblər. Mən Kamran Əliyev ilə görüşmək istəyirəm”, - deyə o əlavə edib.

Gülmirə Aslanova bildirir ki, Polad Aslanovun 2019-cu ildə İranda xüsusi xidmət orqanları ilə görüşdüyünü, dövlətə xəyanət etdiyini iddia edirlər. Halbuki dedikləri vaxt o, Naxçıvanda həqiqi hərbi xidmətdə olub.

"Necə olur ki, xüsusi xidmət orqanları bunu yoxlaya bilmir? Bu ölkədə bir işini vicdanla görən insan yoxdur? Mən demirəm ki, Polad Aslanovu azad etsinlər. Deyirəm ki, onun cinayət əməlini mənə, vəkillərinə göstərsinlər. Fakt qoysunlar önümüzə. Normal, demokratik ölkə vətəndaşları idarə qarşılarında qışqırmır. Onu qəbul edib, problemini həll edirlər. Mən isə artıq buna məcbur qalmışam”, - deyə Aslanova vurğulayıb.


Jurnalistin həyat yoldaşı aksiyada "jurnalistika cinayət deyil", "korrupsiya, rüşvət cinayətdir" şüarlarını səsləndirib.

Polis aksiyaya müdaxilə edib. Gülmirə Aslanovanı məcburi binanın qarşısından kənarlaşdırıb, 9-cu polis bölməsinə aparılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev anews.az-a açıqlamasında bildirdi ki, Gülmirə Aslanova polis bölməsinə dəvət edilib və aidiyyatı üzrə yönləndirilib.

Baş Prokurorluqdan bildirildi ki, məsələ araşdırılıb, məlumat veriləcək.



Gülmirə Aslanova bir müddət bundan əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında da etiraz aksiyası keçirib. Gülmirə Aslanovanın sözlərinə görə, DTX binasında qəbula salınıb, bəzi vədlər verilib, lakin ortada heç nə yoxdur.

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri yanvarın 12-də həbsdə aclıq aksiyası keçirən Polad Aslanovla görüşüb.

Aparatın məlumatına görə, görüş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində gerçəkləşib.

"Hazırda müəssisənin tibb-sanitar hissəsində saxlanılan Polad Aslanov konfidensial qaydada qəbul olunub. Qida qəbulundan imtina etməsi səbəbi ilə ayrıca palata ayrıldığı və Polad Aslanovun gündəlik həkim nəzarətində olduğu müşahidə edilib", - deyə bildirilib.

Qurumdan açıqlamaya görə, məhkumla söhbət zamanı o, qida qəbulundan imtina səbəbi kimi barəsində olan cinayət işi ilə bağlı birinci və apellyasiya instansiyaları üzrə məhkəmə qərarlarını göstərib.

"Habelə hazırda Ali Məhkəmənin icraatında olan işinə ədalətli baxılmasına nail olmaq istəyini qeyd edib. MPQ üzvləri Polad Aslanovun səhhətinin nəzarətdə saxlanılması, gündəlik həkim nəzarətinin davam etdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verib. Məsələ diqqətdə saxlanılır", - deyə məlumat verilib.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Aclıq aksiyası keçirən jurnalist Polad Aslanovun həyat yoldaşından etiraz - VİDEO
Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi