azia.az
azia.az

Boşanmaların sayının azalmasına təsir göstərən əsas amil nədir?

Bu gün, 19:22

"Azərbaycanda 2026-cı ilin ilk 6 ayında 9 776 boşanma qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 10 350 idi. Yəni boşanmaların sayı 574 və ya 5,5 % azalıb. Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı da 2,0-dan 1,9-a enib".

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu rəqəmlərdə mənim üçün maraqlı olan başqa məqamdır:

"Uzun müddətdir ki, ölkədə və xaricdə yaşayan blogerlər və bəzi iqtisadi-siyasi fikir müəllifləri boşanmaların artmasının əsas səbəbini iqtisadi vəziyyət, gəlirlərin azlığı, işsizlik və insanların həyat şəraiti kimi göstərirdi.

Əgər belə sadə səbəb-nəticə əlaqəsi vardırsa, onda indi sual yaranır ki, nə baş verdi ki, boşanma azalır? 2026-cı ildə nə dəyişib? Ölkə iqtisadiyyatı ilin ilk yarısında cəmi 0,8 faiz böyüyüb. İnflyasiya 5,7 faiz olub. 

Yəni boşanmaların 5,5 faiz azalmasını insanların birdən-birə əhəmiyyətli dərəcədə varlanması ilə izah etmək mümkün deyil. Əslində beynəlxalq təcrübə də göstərir ki, boşanmanı yalnız iqtisadi səbəblərlə izah etmək doğru deyil.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına görə, 1990-2022-ci illərdə boşanma səviyyəsi 13 inkişaf etmiş ölkədə artıb, 16-da isə azalıb. Bu siyahıda İngiltərə, İtaliya, İspaniya, İtaliya və ABŞ kimi ölkələrin də adı var. Deməli, burada yalnız pul məsələsi yoxdur.

İqtisadi çətinlik ailə daxilində gərginliyi artıra bilər. İşsizlik, borc, mənzil problemi, gəlir çatışmazlığı münasibətlərə təsirsiz deyil. Amma bunlar boşanmanı avtomatik yaradan səbəblər deyil. 

Ailə davranışı həm də cəmiyyətin dəyərləri, boşanmaya münasibət, qadın və kişinin iqtisadi müstəqilliyi, nikahdan gözləntilər, insanların evlənmə yaşı, fərdi azadlıq anlayışı və ümumiyyətlə həyat tərzinin dəyişməsi ilə formalaşır".

İqtisadçı qeyd edib ki, bunu başqa bir fakt da təsdiqləyir:

"1990-cı illərin əvvəlində OECD ölkələrində qadınlar orta hesabla 25, kişilər 28 yaşında ilk dəfə ailə qururdular. 2021-ci ildə bu yaş qadınlarda təxminən 32-yə, kişilərdə 34-ə çatıb. Yəni bu o deməkdir ki, dəyişən təkcə boşanma deyil. İnsanların ailəyə münasibəti dəyişir.

Bir vaxtlar boşanmanın sosial baxımdan qəbuledilməz hesab edilməsi ailələri, hətta çox ciddi problemlər olduqda belə bir yerdə saxlayırdı. Sonrakı mərhələdə isə bunun əksi baş verdi.

Boşanma normallaşdı, fərdi azadlıq və şəxsi xoşbəxtlik daha çox ön plana çıxdı. İndi isə bəzi inkişaf etmiş ölkələrdə maraqlı əks proses görünür. Boşanma əvvəlki pik səviyyələrindən aşağı düşür.

Bu ailəyə münasibətin yenidən dəyişməsinin ilkin əlaməti ola bilər. Amma bir neçə ilin göstəricisinə əsasən bunu hələ qəti demək tezdir. Azərbaycan üzrə də 6 aylıq azalma əsasında böyük nəticə çıxarmaq tezdir. Lakin tendensiya davam edərsə, bu, kifayət qədər sevindirici sosial dəyişiklik olar.

Ailə sadəcə iqtisadi kateqoriya deyil. İnsan kasıb olduğu üçün mütləq boşanmır, varlı olduğu üçün də ailəsi avtomatik xoşbəxt olmur. Deməli, ailənin taleyini gəlirlərdən də çox insanların düşüncə tərzi, dəyərləri və münasibətlərə verdiyi qiymət müəyyən edir".

Gülər 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi