Aclıq edən blogger Mehman Hüseynovla bağlı rəsmi açıqlam
Penitensiar Xidmət “Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır” deyir, amma...
“Həbsdə olan blogger Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır”. Bu barədə “Report”un sorğusuna cavab olaraq Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib: “Bu adam çörək də yeyir, su da içir, vəkili ilə də görüşür, ailə üzvləri ilə telefonla da danışır. Onun heç bir problemi yoxdur. Bilirsiniz ki, səhhətində problem olan istənilən şəxslə bağlı dərhal reaksiya verilir, həkim müdaxiləsi olur. Amma onunla bağlı belə bir şeyə ehtiyac olmayıb, çünki aclıq aksiyası keçirmir”.
Xidmət rəsmisi deyib ki, M.Hüseynov cəmi bir günlük aclıq aksiyası keçirib: “Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı. Bununla bağlı akt da tərtib olunub, özü də akta imza atıb”.
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Mehman Hüseynova baş çəkib. Ombudsman Aparatının saytında verilən rəsmi məlumata görə, görüşdə MPQ-nin rəhbəri və həkim üzvü də iştirak edib və Mehman Hüseynovun vəziyyəti araşdırılıb: “Müşahidə nəticəsində məlum olub ki, Mehman Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır”.
Məlumatda o da göstərilib ki, görüş zamanı Mehman Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciət Baş Prokurorluğa göndərilib.
Vəkilləri və yaxınları isə həbsdə olan videobloqçu Mehman Hüseynovun hələ də aclıq aksiyası keçirdiyini və vəziyyətinin pisləşdiyini deyirlər.
“Freedom House”un nümayəndəsi Marc Behrendt BBC-yə bildirib ki, qanunvericilikdə diffamasiyanın cinayət məsuliyyəti yaratması tənqidi mediaların bağlanmasına, tərəfsiz internet saytlarının bloklanmasına səbəb olub və ondan fərdi tənqidçilərə qarşı cinayət məsuliyyəti yaratmaq üçün alət kimi istifadə edilir.
“Freedom House” təmsilçisi dərhal Mehman Hüseynovu və digər siyasi məhbusları azadlığa buraxmağa çağırıb.
mehman hüseynov ile ilgili görsel sonucu
Marc Behrendtin fikrincə, “siyasi məhbuslara cəza müddətinin başa çatmasına az müddət qalmış yeni ittihamların verilməsi hökumətin əlində yeni və insafsız bir alətdir”.
Yasamal Rayon Məhkəməsində yanvarın 7-də blogger Mehman Hüseynovun müdafiəsi ilə bağlı aksiya keçirən bir qrup gənc barədə qərar çıxarılıb.
Onlar yanvarın 6-da məhkəmə qarşısında həbs olunublar. Həbs edilənlər Bəxtiyar Məmmədli, Mete Türksoy, Yaşar Xaspoladov, Elçin Rəhimzadə, İsmayıl Nadirli, Qoşqar Əhmədov və Orxan Məmmədov haqda inzibati həbs və cərimə cəzaları kəsilib.
Bu arada hüquq müdafiəçiləri də Mehman Hüseynovla görüşmək və onun durumunu gözləri ilə görmək üçün Ədliyyə Nazirliyinə müraciət ediblər.
Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-dən həbsdədir.
O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb.
Blogger Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.
Ötən il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.
Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.
SEVİNC,
“Yeni Müsavat”