azia.az
azia.az

Əmzik uşaqlarda GÖRÜN NƏLƏRƏ SƏBƏB OLA BİLƏR– AÇIQLAMA

Bu gün, 15:44

Günümüzdə bir çox valideynin narahat olduğu məsələlərdən biri uşaqlarda nitqin gec inkişaf etməsi, sözləri düzgün tələffüz edə bilməməsi və kəkələmədir. Bəzən isə körpəlik dövründə əmzik əmizdirməyin sonradan uşağın nitqinə mənfi təsir göstərdiyi, hətta kəkələməyə səbəb olduğu iddia edilir.

Bəs əmzik əmməklə kəkələmə arasında həqiqətən əlaqə varmı? Ümumiyyətlə, uşaqlarda kəkələmə və nitqin gec inkişaf etməsi hansı səbəblərdən yaranır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən loqoped Nərmin Vəliqızı bildirdi ki, kəkələmə nitq qüsurlarından yaranan zəncirvari problemlərdən biri ola bilər:

"Yəni uşağın kökündə nitq qüsuru, nitq ləngiməsi varsa, sonradan kəkələmə problemi də yarana bilər. Necə yarana bilər? Əgər uşaq nitqini gec açıbsa, düzgün və səlis danışmırsa, yaş artdıqca artıq özü də düzgün danışmadığını anlayır. Cəmiyyətdə həyəcanlanmağa başlayır, digər uşaqlarla ünsiyyətə girəndə kəkələyə bilir. Çünki artikulyasiyası və düzgün nitqi hələ tam formalaşmayıb. Sonradan yaranan kəkələmə halları da var. Bu, bizə tez-tez rast gəlinən problemlərdəndir. Həyəcan, qorxu və beyin travması nəticəsində yaranan kəkələmələr də olur. Kəkələməni əmzik ilə əlaqələndirməyə gəlincə, dediyim kimi, əmzik uşağın nitqinə mənfi təsir göstərən amillərdən biridir. Biz valideynlərə hər zaman məsləhət görürük ki, uşağa bir yaşından sonra əmziki unutdurmaq daha yaxşıdır. Çünki uşağın nitqi və artikulyasiyası artıq bir yaşından aktivləşməyə başlayır. Əmzik isə uşağın ağzında olduqda dilin hərəkətinə müəyyən maneə yarada bilər. Dil aktiv şəkildə hərəkət edə bilmir. Uşaq ağzında əmzik olarkən danışa bilmir. Yaş artdıqca əmzikin uşağın ağzında qalması müxtəlif problemlərə səbəb ola bilər. Bu da, dediyim kimi, nitq problemlərinə gətirib çıxara bilər".

Müsahibimiz vurğuladı ki, gec danışma və dislaliya problemi də yarana bilər:

"Dislaliya səsləri düzgün tələffüz edə bilməməklə bağlı problemdir. Bəzən uşaqlar şəkilçiləri cümlədə düzgün işlədə bilmirlər. Robot kimi danışdıqlarına görə bəzən həyəcanlanırlar ki, bu da kəkələmə probleminə gətirib çıxara bilər. Gec danışmaq bəzən valideynlərin məsuliyyətsizliyi, bəzən isə uşaqda beyinlə əlaqəli problemlər səbəbindən baş verir. Valideyn nə qədər cəhd göstərsə də, problem beyinlə əlaqədar olduqda bəzi uşaqlarda nitqin inkişafı gecikə bilər. Çox vaxt valideynlərə məsləhət görürük ki, uşağa bir yaşından sonra əmziyi unutdursunlar, onu elektron cihazlardan uzaqlaşdırsınlar və onunla çoxlu dialoq qursunlar. Çünki uşaqlar, belə deyim, loru dildə izah etsək, xəmir kimidir. Biz onu yoğurduqca daha da mükəmməlləşdiririk. Kəkələmənin yaranmasına, dediyim kimi, həyəcan, həddindən artıq sevinc, stress və beyin travması səbəb ola bilər. Bəzən uşaqlara həddindən artıq dərs yükünün verilməsi və beynin yorulması da kəkələmə probleminə səbəb ola bilər. Müharibə dövründə də gördük ki, beyin travması nəticəsində qazilərdə kəkələmə problemi yaranır. Kəkələmə problemi təbii ki, aradan qalxa bilər. Yaşından asılı olmayaraq, kəkələmə problemi düzgün müalicə və loqopedik seanslarla aradan qaldırıla bilər".

NURİYYƏ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi