Başqasının "WhatsApp" statusunu icazəsiz paylaşmaq olarmı? — Hüquqşünas rəyi
Bəzi hallarda "WhatsApp" statuslarında şəxslərin paylaşdığı foto, video və digər məlumatların başqa şəxslər tərəfindən götürülərək istifadəsi narazılıqlara səbəb olur. Xüsusilə bu materialların sahibinin razılığı olmadan sosial şəbəkələrdə və digər platformalarda yayılması hüquqi baxımdan suallar yaradır.
Şəxsin "WhatsApp" statusunun ictimailəşdirilməsi hüquqi baxımdan necə tənzimlənir?
Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, “WhatsApp”statusları və digər məlumatlar yalnız həmin şəxsin kontaktlarında olan insanlar tərəfindən görünür:
"Buna görə də belə məlumatların hamı üçün açıq olduğunu demək olmaz. Bu baxımdan, həmin məlumatlar məxfi və şəxsi xarakter daşıyır və şəxsin razılığı olmadan götürülərək ictimailəşdirilməsi düzgün hesab edilmir. Burada əsas məsələ məlumatın kimlər üçün əlçatan olmasıdır. WhatsApp statusunu paylaşan şəxs onu bütün internet istifadəçilərinin görməsi üçün deyil, yalnız öz kontaktlarında olan şəxslərlə bölüşür. Ona görə də həmin statusda yerləşdirilən foto, video və ya digər məlumatın başqa şəxs tərəfindən götürülərək daha geniş auditoriyaya yayılması fərqli qiymətləndirilə bilər. Müqayisə üçün “Facebook”u götürək. Orada da iki fərqli hal ola bilər. İnsan öz paylaşımını yalnız məhdud çərçivədə, məsələn, dostlarının görməsi üçün yerləşdirə bilər".
Əkrəm Həsənov qeyd edib ki, digər tərəfdən, paylaşımını hər kəs üçün açıq, yəni publik edə bilər.
"Əgər şəxs məlumatı publik şəkildə paylaşırsa və həmin məlumatı hər kəs görə bilirsə, bu halda sonradan “kimsə mənim paylaşımımı götürüb ictimailəşdirdi” deyə şikayət etmək mümkün olmaya bilər. Çünki şəxs həmin məlumatı özü artıq ictimaiyyətə açıq edib. Lakin bu, həmin məlumatdan istənilən formada istifadə etmək hüququnun yarandığı anlamına gəlmir. Publik paylaşım olsa belə, müəlliflik hüquqları qorunmalıdır. Məlumatın müəllifinə istinad edilməli, foto, video və ya mətnin məzmunu təhrif edilməməli və müəllifin hüquqlarını pozan formada istifadə olunmamalıdır. Yəni burada əsas fərq məlumatın ilkin olaraq hansı auditoriyaya təqdim edilməsidir. Şəxs məlumatı məhdud şəxslər üçün paylaşırsa, onun razılığı olmadan daha geniş şəkildə yayılması məsələsinə şəxsi həyat və məxfilik baxımından yanaşmaq lazımdır. Əgər məlumatı özü publik şəkildə paylaşaraq hər kəs üçün əlçatan edibsə, artıq həmin məlumatın ictimaiyyətə açıq olmasını sonradan məhdudlaşdırmaq tələbi irəli sürmək daha fərqli hüquqi qiymətləndirmə tələb edir", - deyə o, sözlərinə əlavə edib.
Fidan Hacızadə