"Media haqqında" yeni qanun gələcəyimiz üçün bir yol xəritəsidir - Sahil Kərimli REAL İNTERVYU-da
Azərbaycanın "Media haqqında" qanunu müstəqilliyimizin ilk illərində qəbul olunmuşdur. Bu qanun bir qədər köhnə xarakter daşıyırdı. Əlbəttə ki, müasirləşən ölkəmiz üçün yeni qanunun qəbul olunmasına ehtiyac var idi.
Məlumata görə, bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktor müavini Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, "Media haqqında" qanunun dəyişdirilməsinə ehtiyac var idi, və nəhayət ki, son bir ildə "Media haqqında" qanun layihəsi hazırlandı.
""Media haqqında" yeni qanun çox mükəmməl bir qanundur. Bu bizim üçün, gələcəyimiz üçün bir yol xəritəsidir. Gözləntilərimiz çox böyükdür. "Media haqqında" qanun layihəsi ilə hər birimiz tanışıq. Son aylar ərzində Medianın İnkişafı Agentliyi yeni qanun layihəsini müxtəlif redaksiyalarla, kollektivlərlə görüşlər keçirirdi və bu qanun layihəsini müzakirələrə çıxarırdı. Və ona görə mən mükəmməl adlandırıram bu qanun layihəsini, çünki qanun hazırlanarkən hər bir redaksiyanın, hər bir KİV-in, media orqanının rəyi nəzərə alındı. Yəni biz müzakirələr zamanı öz fikirlərimizi, istəklərimizi bildirirdik. Və əksər hallarda bizim arzularımız, istəklərimiz bu qanun layihəsində nəzərə alınırdı", - deyə Sahil Kərimli vurğulayıb.