Cavanşir Feyziyevin qardaşı oğlu “Azərtütün"ü 30 milyona satın aldı? - TƏFƏRRÜAT
Bu ilin oktyabr ayında "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən "Azərtütün" ASC-nin səhmlərinin 85%-nin satışı üzrə elan olunan investisiya müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, nominal dəyəri 17 milyon 281 min 464 manat olan səhmlər “Tabaterra Leaf” QSC tərəfindən satın alınıb. “Tabaterra Leaf” QSC eyni zamanda dövlət büdcəsinə 6 milyon 300 min manat vəsait ödəyəcək və ümumi həcmi 8 milyon manatdan az olmayan investisiya proqramı təqdim edəcək.
Rəqəmlərdən də göründüyü kimi “Tabaterra Leaf” QSC "Azərtütün" ASC-nin 85%-nə sahib olmaq üçün ən azı 31 milyon manat xərcləyəcək.
Məlumat üçün bildirək ki, “Tabaterra Leaf” QSC bu ilin aprel ayının 24-də dövlət qeydiyyatına alınıb. QSC Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçib. QSC-nin nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşirdir. Elman Bəşir oğlu Cavanşir həm də ölkənin aparıcı siqaret istehsalçısı olan “Tabaterra” QSC-nin qanuni təmsilçisidir. Nizamnamı kapitalı 78 milyon 10 min manat olan “Tabaterra” QSC 2017-ci ildə dövlət qeydiyyatına alınıb.
“Tabaterra” QSC-nin təsiçisinin ya da təsiçilərinin kim olduğu məlum deyil.
Yalnız bu yaxınlarda mətbuatda Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğlunu "çirkli pul"ların yuyulmasında ittiham etdiyi barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, deputat və yaxınlarına məxsus bank hesablarında olan 15 milyon funt-sterlinq (34,7 milyon manat) "çirkli pul" hesab edildiyi üçün müsadirə olunacaq.
Yayılan məlumatda deputatın qardaşı oğlu Elman Cavanşir olaraq təqdim olunur. Onu da bildirək ki, deputat Cavanşir Feyziyevin qardaşının adı da Bəşirdir (Babasının adını qoyublar).
Bundan başqa mətbuatda yer alan məlumatlarda Elman Bəşir oğlu Cavanşirin vaxtı ilə deputat Cavanşir Feyziyevə məxsus olan “Avromed Company” QSC ilə də əlaqəsinin olduğu yazılıb. Belə ki, “Avromed Company” QSC-nin 2013-cü ildə “Facebook” sosial şəbəkəsində yayımlanan məlumatında minlərcə insanın çalışdığı bu şirkətdə Elman Cavanşirin rəhbərlik etdiyi “Tütünçülər” komandasının futbol yarışında “Əczaçılar” komandasına qalib gəldiyi qeyd olunub.