azia.az
azia.az

AMEA-nın Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının iclasında hidrogen energetikası ilə bağlı müzakirələr aparılıb

24-11-2021, 18:45

AMEA-nın Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının iclasında hidrogen energetikası ilə bağlı müzakirələr aparılıb
AMEA-nın Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının iclasında hidrogen energetikası ilə bağlı müzakirələr aparılıb
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclası keçirilib.
TədbirdəAMEA Rəyasət Heyətinin üzvləri ilə yanaşı Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şuranın üzvləri və aidiyyəti şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akedemik Ramiz Mehdiyev açaraqElmi Şuranın əhəmiyyətindən danışıb və bir sıra prioritet məsələlərə toxunub. Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edən akademik Ramiz Mehdiyevqarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb. Alimlərin sırf elmi işlərlə məşğul olmaları üçün müəyyən şəraitin yaradıldığını və bu məqsədlə bir sıra zəruri addımların atılacağını diqqətə çatdırıb. AMEA prezidenti onu da əlavə edib ki, yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır.
İclasda AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin “Hidrogen energetikası, reallıqlar və inkişaf perspektivləri” mövzusunda məruzəsi dinlənilib.
Akademik ölkəmizdə “yaşıl energetika”, tullantısız texnologiyaların istifadəsi və təmiz ətraf mühit probleminin 2021-ci il fevral ayının 2-də elan edilmiş milli prioritetlərin tərkib hissəsinə salındığını diqqətə çatdırıb.
Akademik Dilqəm Tağıyev hidrogen energetikasına diqqətin son illərdə artmasının iqlimin qorunması üçün 12 dekabr 2015-ci ildə qəbul edilmiş Paris razılaşmasının tələblərini reallaşdırmaq və qlobal temperatur artımını 2%-dən aşağı salmaq, karbonsuz enerji daşıyıcılarına, ilk növbədə hidrogenə keçidi təmin etmək, digər tərəfdən isə xarici ölkələrdən karbohidrogen asılılığını azaltmaq məqsədi daşıdığını söyləyib.
Natiq bir çox ölkələrdə atmosferə atılan CO2-nin miqdarını azaltmaq üçün hidrogenin təbii qaza qatılaraq metal borularla nəql edildiyini və bu prosesi genişləndirmək üçün nəql borularının xassələrinin optimallaşdırılması zərurəti yarandığını bildirib. Həmçinin hidrogen energetikasının inkişafı üçün dövlət subsidiyalarının, iri konsorsiumların və klasterlərin bu problemə cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb.Akademik çıxışında, o cümlədən hidrogen energetikasının inkişafında həlledici problemlərə, onun termokimyəvi, elektrolitik və fotolitik alınma üsullarına, saxlanması və nəqli üçün böyük miqyaslı infrastrukturun yaradılmasına və s. məsələlərə toxunub.
“Beləliklə, XXI əsrdə alternativ və bərpa olunan enerji mənbələrindən,Günəş panellərindən, külək generatorlarından, geotermal enerjidən, biokütlədən istifadə “yaşıl iqtisadiyyatın” formalaşmasında mühüm rol oynayacaq. Texnoloji sahələrin keyfiyyətli məhsul istehsalı üçün yeni metodlara keçməsi və ekoloji təmiz nəqliyyatın inkişafı hidrogenə olan tələbatı kəskin artıracaq. Hidrogen istehsalında suyun elektroliz prosesinin payı əsrin ortalarında 6-%-ə qədər artacaq, qazın və neftin qənaət olunan hissəsi isə sənayedə xammal kimi istifadə olunacaq. Ekoloji təmiz hidrogendən istifadə edən yanacaq elementlərinin avtonəqliyyatda və enerji təminatı sistemlərində tətbiqi geniş vüsət alacaq. Bu sahələrdə praktiki yanaşmalarla bərabər, fundamental tədqiqatların aparılmasına böyük ehtiyac var.Bunları nəzərə alaraq, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda bir neçə istiqamətdə tədqiqatların aparılması planlaşdırılır”, - deyə akademik Dilqəm Tağıyev qeyd edib.
Daha sonra məruzə ətrafında geniş müzakirələr aparılıb. Mövzu ilə bağlı akademiklər Arif Həşimov, Rasim Əliquliyev, İradə Hüseynova, Adil Qəribov, müxbir üzv İslam Mustafayev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi