"Mənim oğlum və bir çox şəhidlərin hesabına isti kabinetlərdə oturublar..." - Kübra Cabbarova Şəhid Ailəsinə QƏNİM KƏSİLİB
“Kimsə nə mənim, nə də oğlum Emilin səhhəti ilə maraqlanmır. Mənim Emildən başqa kimim var ki? Oğlum Emilin ağlamaqdan gözü zəifləyib, stresdən çənəsi əyilib. Onlara dedim, dedilər ki, o ailə üzvü sayılmır. Ona görə də öz cibimdən pul verib onu əməliyyat etdirdim. Mənim 10 oğlum yoxdur ki! 2 oğlum var idi, birini vətən yolunda qurban verdim. Öz böyrəyimə görə də əlaqə saxladım, dedim mən də ailə üzvü sayılmıram? Böyrəyimin biri sıradan çıxıb, bir böyrəklə qalmışam. Şəhid olan oğlum dərsdən çıxıb işləyirdi, bizi dolandırırdı. Mən Elvini atasız böyütmüşdüm, o gedəndən sonra evimizin işığı sönüb”
Bu sözləri vətən müharibəsi şəhidi Elvin Babayevin anası Kəmalə Rəhimova Moderator.az-a açıqlamasında bildirib. Şəhid anası daha sonra əlavə edib.
“Oğlum Elvin şəhid olmazdan əvvəl böyrəyimə görə 1 nömrəli Şəhər Poliklinikasında növbəyə dayanmışam. Bu poliklinikaya dəfələrlə müraciət etmişəm, hər dəfə də bir bəhanə tapıblar. Orada mənim böyrək həkimim var, vaksin vurulanda onunla məsləhət etdim. Mənə dedi ki, sənə qətiyyən vaksin vurdurmaq olmaz, hətta xəstəxanada kağızım da var. Vaksinə görə məni ordan-bura, burdan-ora göndərdilər, axşama qədər adamı süründürürlər. Onlara deyirəm ki, balama görə mənim onsuz da ürəyim yanır, niyə mənə daha da zülm verirsiniz? Xəstəxanadan vaksinə görə arayışı güc-bəla ilə aldım, üstümə tullayıb getdilər.
Xəstəxananın baş həkimi Kübra Cabbarova mənə elə sifət edir ki, elə bil ki, qapısına dilənməyə getmişəm. Cənab prezidentimiz də hər zaman çıxışlarında söyləyir ki, şəhid ailələrinin, qazilərin yanında olub, problemlərini həll edin.
Mənim oğlum və bir çox şəhidlərin hesabına isti kabinetlərdə oturublar, amma bizi adam yerinə qoymurlar ki, bu dağ boyda, yetimçiliklə böyütdüyü balasını şəhid verib. Bizim ailədə iki şəhid var. Xalam oğlu 1993-cü ildə 23 yaşında şəhid olub. Elvin də onun yolunu davam etdirir. Nə olsun ki? O Kübra Cabbarovadan ötrü heç nəyin fərqi yoxdur! Bir dəfə poliklinikaya anam da mənimlə gəlmişdi. O anama dedi ki, bunun arxasınca niyə düşüb gəlirsən? Onsuz da bu öləcək də! Anam da dedi ki, bilmək olmaz hələ kim birinci öləcək! Moskvada yaşayanda məni pulsuz müayinə, müalicə edirdilər, amma öz doğma vətənimdə buna möhtac qalmışam. Allah onlarına canına insaf salsın! Çox xahiş edirəm mənim bu problemimi həll edin” deyə şəhid anası bildirib.
Moderator.az-ın əməkdaşı Şəhid anasının iddiaları ilə bağlı YAŞAT Fondu ilə əlaqə saxlayıb. Fonddan bildiriblər ki, Şəhidimizin anasına müvafiq maddi yardım edilib, amma:
"Şəhidimiz Elvin Babayev Əkbər oğlunun anasının məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə müraciəti qeydə alınmış və 2021-ci ilin 16 fevral tarixində cari bank hesabına 2500 AZN (iki min beş yüz manat) vəsait köçürülmüşdür.
Müraciətdə şəhidimizin anası digər övladının səhhətindəki problemlə bağlı Fond tərəfindən yardım edilmədiyini bildirmişdir. Şəhidimizin qardaşı şəhid ailəsi statusuna malik olmadığından ona yardım edilməsi təəssüf ki, Fondun səlahiyyətinə aid deyil. Şəhidimizin anasının müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fonda müraciəti daxil olmamışdır.
İcbari Tibbi Sığorta çərçivəsində təmin edilə bilməyən tibbi xidmətlər və dərman təminatı ilə bağlı şəhidimizin anasının Fonda müraciət hüququ vardır.
Fərmanla “YAŞAT” Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində işlər görür.
Şəhid ailələri və Vətən müharibəsində yaralananların hər biri diqqət mərkəzimizdədir. Onlarla bağlı müraciətlərin hər birinə həssaslıqla yanaşılır. Onlarla əlaqə saxlanılır, problemləri araşdırılır və xərclər "YAŞAT" Fondu tərəfindən qarşılanır".