Rövşən Lənkəranskinin “xaç oğlu”...
Kriminal aləmdə atasının yolunu gedən oğullar da var. Bunlardan biri də azərbaycanlı "qanuni oğru”, kriminal aləmdə "Zaur Naxçıvanski” kimi tanınan Zaur Bayram oğlu Şipilovdur.
27 yaşında "qanuni oğru” adını alan Zaur Şipilov "Zaur Naxçıvanski” kimi tanınmağa başlayır. Zaur Orenburqda doğulub böyüsə də, həmin şəhərdə onu "oğru” kimi az adam tanıyır. Lakin kriminal aləmdə nüfuzu olan "Culfalı Bayram”ın oğlu olması, Rövşən Lənkəranskinin yanında yetişməsinə görə hər zaman hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə olub.
Son həbsinə gəlincə, Zaur Şipilov 2015-ci ilin oktyabr ayında Moskvanın Alayski bazarında olan "Çertanovskoy” restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə aşkarlanıb. Ona Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə saxlama) ittihamı verilib. O, istintaq dövründə Moskvada yerləşən "Matroskaya Tişina” həbsxanasına göndərilib. Məhkəmənin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətinə azadlıqdan məhrum edilib. Ən gənc "qanuni oğru”lardan olan Zaur, "Matroskaya Tişina” cəzaçəkmə müəssisəsindən Samara vilayətində olan həbsxanaya etap edilib. Kriminal avtoritet həmin türmədə tanınmış "qanuni oğru” Vladimr Ozerskiy (Vova Zyuzya) ilə birgə cəza çəkib. 2018-ci ildə isə azadlığa çıxıb.