25 ailə təxliyyə edilib - Kəndlər işıqsız, qazsız qaldı
Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün saat 18:30 radələrində Balakən rayonunda davam edən yağış nəticəsində rayon ərazisindən keçən Balakən çayı məcrasından çıxdığı üçün çay sahilində yerləşən Salban yaşayış məntəqəsində 118 ailədən (450 nəfər) 25 ailənin (80 nəfər) təxliyyə edilməsi zərurəti yaranıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən su basmış ərazilərdə zəruri tədbirlər görülür və vəziyyət nəzarət altındadır.
Bundan əlavə, Zaqatala və Balakən rayonlarının bir sıra yaşayış məntəqələrində selin vurduğu zərər nəticəsində qaz, elektrik və su təchizatında problemlər yaranıb.
Qaz, su və elektrik təchizatının bərpa edilməsi, həmçinin kənara çıxan su axınının məcrasına qaytarılması üçün FHN və digər aidiyyəti qurumların texnikaları və şəxsi heyəti ərazidə fəaliyyətini davam etdirir.(bizim.media)