Əsgərləri Bakıda həbsdə olan komandir Ermənistanda həbs edildi
Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərində Azərbaycan mövqelərinə qanunsuz olaraq erməni silahlılarının hücumlarının təşkil edilməsi işində adı keçən polkovnik-leytenant Arsen Kazaryan həbs edilib. Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat məlumat yayıb.
Ona qarşı döyüş xidməti qaydalarının pozulması, xidmətdə səhlənkarlıq, döyüş meydanını icazəsiz tərk etmə, hərbi xidmətdən icazəsiz yayınma və rüşvət alma maddələri ilə cinayət işi başlanılıb.
Hazırda işlə bağlı ibtidai istintaq aparılır.
Qeyd edək ki, qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə soxulmaqda təqsirləndirilərək həbs olunan ermənilər də məhkəmədəki ifadələrində onların komandirlərinin A.Kazaryan olduğunu və məhz onun əmri ilə həmin ərazilərə yollandıqlarını etiraf ediblər.