azia.az
azia.az

“Baş verənlər göstərir ki, təkcə vaksinə ümid etmək düzgün deyil...”

2-09-2021, 09:51



Dünyada koronavirusa qarşı ən genişmiqyaslı peyvəndləmə kampaniyası həyata keçirməyə nail olmuş və cəmi bir neçə ay əvvəl kollektiv immunitet qazandığına inanan İsraildə koronavirusun “delta” variantı tüğyan edir. virtualaz.org xəbər verir ki, ötən gün ölkədə 11 minə yaxın yeni yoluxma qeydə alınıb, aktiv koronavirus xəstələrinin sayı 86 min nəfərə yaxınlaşır ki, bu da bütün pandemiya dövrü üçün antirekord hesab edilir.
“Baş verənlər göstərir ki, təkcə vaksinə ümid etmək düzgün deyil...”
İsrail təcrübəsi koronavirusa kütləvi peyvəndləmə yolu ilə qalib gəlməyin mümkünlüyü baxımından beynəlxalq səhiyyə institutları və mütəxəssislər tərəfindən yaxından izlənilir, təhlil edilir. Bu baxımdan əhalisinin 60 faizinə peyvəndin hər iki dozası vurulmuş ölkədə yoluxmaların niyə bu cür kəskin artması suallar doğurur: vaksinlərin effektivliyi aşağı düşüb, yoxsa başqa amillər var?



Qeyd edək ki, İsrail əhalisinə əsasən “Pfizer” və qismən “Moderna” vaksini vurulub. Bunlar koronavirusa qarşı effektivliyi ən yüksək olan preparatlar hesab edilir.

“Le Figaro” qəzeti yazır ki, “delta” variantı İsraildə nəinki peyvənd olunanlar, eləcə də 6 ay əvvəl peyvəndin hər iki dozasını vurduranlar arasında sürətlə yayılır. İsrail peyvənd kampaniyasına ötən ilin dekabrında başlayıb və nəticədə yüz minlərlə adama peyvəndin hər iki dozasının vurulmasından etibarən 6 aydan çox vaxt keçib. Fransalı epidemioloq Antuan Flao İsraildəki vəziyyəti dəyərləndirərkən deyib ki, peyvəndin effektivliyinin aşağı düşməsi virusun yeni ştammının sürətlə yayılmasının səbəblərindən biri ola bilər. Lakin xəstəxanaya yerləşdirilənlərin və ya ölüm hallarının sayında bu amilin rolu yoxdur. Onun fikrincə, İsrail nümunəsi göstərir ki, bu virusla mübarizədə bütünlüklə peyvəndləməyə arxayın olmaq düzgün deyil. Bu kampaniyanı digər tədbirlərlə kombinə etmək lazımdır, məsələn, qapalı məkanlarda tibbi maskadan istifadə edilməsi tədbirindən belə tez imtina etmək lazım deyildi.

İsrail mənbələri isə yazır ki, ölkənin Səhiyyə Nazirliyi 5 ay əvvəl hər iki doza peydənd vurulmuş şəxslərə əlavə 3-cü dozanın vurulması kampaniyasına başlayıb. Bu, əvvəl koronavirusa yoluxmayanlar üçün nəzərdə tutulmuş gücləndirici dozadır. Virusa yoluxub sağalanlar isə 3-cü dozanı ancaq həkimlərin rəyi əsasında qəbul edə bilərlər. Eyni zamanda İsrail dünyada ilk dəfə 12 yaşdan yuxarı uşaqları da kütləvi peyvəndləməyə başlayıb. Bu, uşaqların valideyinlərinin razılığı ilə baş verməlidir və kampaniya məcburi deyil.



Hazırda ölkə əhalisinin 60 faizdən bir qədər azı hər iki doza peyvənd qəbul edib, amma İsraildə artıq kollektiv immunitetə ümid bəsləmirlər və peyvəndə ancaq xəstəliyin ağır keçməsinin qarşısını alan alət kimi baxırlar. Həqiqətən də yoluxmaların gündəlik sayı yüksək olsa da xəstəxanalarda cəmi 1127 pasiyent müalicə olunur. Qalanları isə evlərində və xüsusi otellərdə həkim nəzarəti altındadır. 689 pasiyentin vəziyyəti ağır hesab edilir, onlardan 211-i kritik vəziyyətdədir. Ağır vəziyyətdə olanların əksəriyyəti yaşı 60-dan yuxarı olanlardır. Onlardan 215-i vaksin vurdurmayanlardır, 234-ü isə hər iki dozanı qəbul edib. İsraildə yaşı 60-dan yuxarı olanların mütləq əksəriyyəti peyvənd olunduğundan onların arasında yoluxanların və xəstələrin sayı cüzidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi