Bakıda daha bir yol kəsişməsinə sarı torlar çəkildi
Paytaxtda nəqliyyat şəraitinin yaxşılaşdırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması istiqamətində növbəti araşdırmalar Ceyhun Hacıbəyli küçəsinin Abbasqulu ağa Bakıxanov və Ənvər Qasımzadə küçələri ilə kəsişməsində aparılıb.
Bu barədə Azia.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, A.Bakıxanov küçəsi Bakı şəhərinin əsas yol şəbəkələrindən biridir. Adıçəkilən küçənin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən gün ərzində 50.000-dən artıq nəqliyyat vasitəsi keçir ki, həmin nəqliyyat vasitələrinin böyük əksəriyyətinin sola dönərək “Gənclik” metro stansiyasına istiqamətləndiyi, Ceyhun Hacıbəyli–Ənvər Qasımzadə küçələrinin kəsişməsində hərəkətin nizamlanmadığı səbəbindən xaotik vəziyyətin yarandığı, Ənvər Qasımzadə küçəsi ilə hərəkətdə olan avtobusların ləngiməsi və sərnişindaşıma xiddətində keyfiyyətin aşağı düşməsi, kəsişmənin hərəkəti buraxma qabiliyyətinin aşağı, nəqliyyat intensivliyinin isə yüksək olması səbəbindən tıxac və sıxlıq hallarının yaranması, Bakı Zoologiya Parkı və Koroğlu parkına piyada axınının çox olması aşkar edilib.
Həyata keçirilmiş dəyişikliklər nəticəsində C.Hacıbəyli – Ənvər Qasımzadə küçəsinin kəsişməsində svetofor obyektləri quraşdırıb, eyni zamanda kəsişmədə üfuqi nişanlanma xətti ilə sarı tor çəkilib. C.Hacıbəyli – Ənvər Qasımzadə küçələrinin kəsişməsindəki mübahisəli nöqtələr aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin edilmiş və yol hərəkəti təhlükəsizlik səviyyəsi artırılıb tıxac və sıxlıq hallarının baş vermə ehtimalı azaldılıb, marşrut avtobuslarının qrafikində yaranan gecikmələr aradan qaldırılaraq sərnişindaşıma xiddətinin keyfiyyəti artırılıb, təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların təhlükəsizliyi maksimum həddə çatdırılıb.