“İfrat müasirləşmə milli və dini dəyərlərə təhlükədir” - ekspert
Aqşin Atalızadə: “Bu sistemin dağılması istənilən formada cəmiyyətdə və dövlətin həyatında deformasiyaya gətirib çıxara bilər”
Zaman-zaman kənar qüvvələrin gənclərin milli və mənəvi dəyərlərə qarşı qoyulması, Qərb dəyərlərinə meyl etmək, bütün bunların nəticəsi kimi, öz dövlətinə və cəmiyyətinə qarşı bəzi hallarda düşmən münasibətə keçən ifrat kosmopolitizm toxumlarının səpilməsi müşahidə edilir. Bəzi ekspertlər bu kimi halları qloballaşan dünyada cərəyan edən labüd bir proses kimi dəyərləndirirlər. Bəs görəsən, bu prosesin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” Konsepsiyasının müəllifi, hüquqşünas-ekspert Aqşin Atalızadə “Yeni Müsavat”a danışıb: “Azərbaycan xalqı dünyanın ən mədəni və zəngin mənəvi dəyərlərə malik olan xalqlarındandır. Şərqdə ilk opera, ilk teatr, ilk balet və ən əsası ilk demokratik cümhuriyyət də məhz Azərbaycanda yaradılıb. Burada türk əxlaqı, islami dəyərlər və bəşər sivilizasiyasının müasir nailiyyətləri sistemli şəkildə öz təcəssümünü tapıb. Bu sistemin dağılması istənilən formada cəmiyyətdə və dövlətin həyatında deformasiyaya gətirib çıxara bilər. Hazırda xüsusən ifrat müasir dəyərlərin milli və dini dəyərləri sıxışdırıb çıxarması təhlükəsi mövcuddur. Bu isə cəmiyyətin mənəvi cəhətdən aşınmasına gətirib çıxara bilər. İlk növbədə gənclər arasında Azərbaycan milli mədəniyyəti təbliğ edilməli, qorunmalı və inkişaf etdirilməlidir. Həm ümumxalq yaradıcılığının məhsulu olan, həm də müəllifləri bəlli olan ədəbiyyat, mədəniyyət və incəsənət əsərləri unudulmamalı, daima təkrar edilməli və müasir metodlarla yayılmalıdır. Azərbaycanın şanlı keçmişi ilə bağlı itmiş tarixi abidələrin yerinin müəyyən edilməsi üzrə ekspedisiyalar təşkil edilməli, ölkənin tarixini və mədəniyyətini təbliğ edən muzeylərə, tarixi qələbələrin yaşandığı ərazilərə və digər yerlərə turist marşrutları ilə pulsuz səfərlər genişləndirilməlidir. Dövlət sifarişləri hesabına milli vətənpərvərlik hisslərini təbliğ edən kinofilmlər, seriallar, sənədli filmlərin çəkilişi genişləndirilməlidir. Eyni zamanda Azərbaycan dilinin (Azərbaycan türkcəsinin) həm dövlət dili, həm də ictimai ünsiyyət dili kimi rolu tam möhkəmləndirilməlidir. Müstəqilliyimizin bərpasından xeyli müddət keçməsinə baxmayaraq, hələ də cəmiyyətdə, hətta dövlət orqanlarında öz dilini bilməyən, yaxud ondan istifadə etməyi bacarmayan gənclər vardır. Bu sahədə təbliğat aparılmaqla yanaşı, dilimizin təbii xüsusiyyətləri qorunmalı, yad ünsürlərdən təmizlənməsi prosesi davam etdirilməlidir. Bu məqsədlə görkəmli dilşünasların iştirakı ilə müvafiq tədbirlərin keçirilməsi, dilimizdən necə istifadə edilməsinə dair yazılı materialların yayılması zəruridir”.
Hüquqşünas əlavə edib ki, müasir qloballaşma, dünya birliyinə inteqrasiya prosesində ailə dəyərləri güclü təsirə məruz qalır: “Bir sıra hallarda ifrat müasirləşmə meyarları cəmiyyətdə ailə dəyərlərinin zəifləməsinə, ailədaxili münaqişələrin artmasına və son nəticədə cəmiyyətin və dövlətin ilkin rüşeymi olan ailələrin parçalanmasına gətirib çıxarır. Bu isə ölkəmizin gələcəyi üçün təhlükə yarada biləcək amil hesab edilə bilər. Son illər cəmiyyətdə boşanma hallarının artması bu sahədə ciddi problemlərin mövcudluğunu göstərir. Bu baxımdan hazırda ailədaxili münasibətlər, onların möhkəmliyinə və dağılmasına zəmin yaradan amillər tədqiq edilərək üzə çıxarılmalıdır. Təhsil müəssisələrində gələcəyin valideynlərinə ailə dəyərləri təbliğ edilməli, qeyri-etik davranışdan çəkindirilməlidir. Ailə tərbiyəsi üzrə gənclər arasında mütəmadi treninqlərin keçirilməsi də zəruridir. Televiziya verilişləri, filmlər, KİV məhsulları, kitablar Azərbaycan xalqının ailə dəyərləri aspektindən ekspertizadan keçirilməli və müvafiq nəzarət həyata keçirilməlidir”.
A.Atalızadə qeyd edib ki, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində dövlət rəmzlərinin təbliğinə xüsusi yer verilməlidir: “Dövlətin milli rəmzlərinin siyasi və mənəvi mənalarının dərk edilməsi vasitəsilə gənclərin bu sahədəki maariflənməsi imkanları də artır. Bir çox dünya dövlətlərində dövlət rəmzlərinə - bayrağa, gerbə və himnə, milli bayramlara, hörmət hisslərinin möhkəmləndirilməsi vasitəsilə gənclərdə vətənpərvərlik hisslərinin formalaşdırılması istiqamətində məqsədyönlü iş aparılır. Məsələn, ABŞ-da ailələrin yarısı öz evlərini bayraqla bəzədir, sürücülərin 15-20%-ə qədəri maşınlarında bayraq gəzdirir. Hər on amerikalıdan doqquzu ABŞ himni çalınanda qürur hissi keçirir və onu sonacan fəxrlə ifa edirlər. Baxmayaraq ki, ölkədə heç rəsmi səviyyədə nə vətənpərvərlik proqramı, nə də ki, milli konsepsiya mövcuddur.
Ara-sıra ölkə ərazisində əslində İslamın əsaslarına zidd olan qeyri-ənənəvi dini qrupların fəaliyyətini də görə bilirik. Bir çox hallarda ölkəmizə qarşı heç də xoş münasibətdə olmayan qüvvələr tərəfindən dəstəklənən həmin qrupların öz sıralarına kifayət qədər gənci cəlb edə bilməsi, əslində heç də güclü ənənəvi qüvvəyə və təsirə malik olmalarında deyil, cəmiyyətimizin özündə həqiqi İslamın mahiyyətinin düzgün dərk edilməməsi və bu sahədə məqsədyönlü siyasətin aparılmamasındadır. Bu cür qruplarla ən yaxşı mübarizə, istifadə etdikləri əsas silahı - dini və mənəvi dəyərləri milliləşdirmək və dövlət siyasətində ondan səmərəli şəkildə istifadə etməkdir. Buna görə də dini sahədə yarana biləcək problemlərin həlli üçün dəqiq mexanizmin işlənib hazırlanması, mövcud mexanizmlərdən daha səmərəli şəkildə istifadə edilməsi zəruridir".
Hazırladı: Afaq Mirayiq