Azərbaycanda daha 24 dini icma qeydiyyatdan keçib
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 24 dini icmaya şəhadətnamələr təqdim edilib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Komitənin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq bildirib ki, ölkəmizdə dövlətin dinə, o cümlədən dini icmalara diqqət və qayğısı ardıcıl həyata keçirilir.
Dövlət başçısının ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirildiyini vurğulayan Mübariz Qurbanlı qeydiyyatdan yeni keçən dini icmaları dinimizi, İslami dəyərləri ictimaiyyətə düzgün çatdırmağa çağırıb.
Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələrini verən Dövlət Komitəsinin sədri icmaların daha aktiv olmalarının, yerlərdə axund və imamlarla, eləcə də QMİ-nin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrinin vacibliyini bildirib. Eyni zamanda, Komitə sədri dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.