Mənzillərin sahəsi düzgün hesablanmır, alıcılar 15-20 min manat ziyana düşür - VİDEO
Yeni tikilən bəzi binalarda mənzillərin sahəsi rəsmi sənəddəki ilə uyğun gəlmir.
Məsələn, sahəsi 90-92 kvadratmetrlik mənzil sənəddə 100 kvadratmetr göstərilir. Bu da vətəndaşların aldadılması deməkdir.
Məlumata görə, paytaxt sakini Elvin Yusifov deyir ki, bir müddət əvvəl yeni tikilən binalardan birindən mənzil almaq istəyib. Amma maraqlananda məlum olub ki, evin sahəsi sənəddə göstəriləndən azdır.
Paytaxtda ev alqı-satqısı ilə məşğul olan Həşim Qədirov da deyir ki, bu cür hallara görə məzil satan və müştəri arasında mübahisə olur. Bu da mənzil bazarına mənfi təsir edir.
Rieltor deyir ki, mənzilin ilkin sənədində, yəni müqavilədə eyvan, havalandırma sahəsi və sanitar qovşaqların da kvadratı qeyd edilir. Amma mənzilə çıxarış aldıqda onlar yazılmır və buna görə də kv/m az göstərilir.
Bəs mənzillərin sahəsi qanuna görə necə hesablanmalıdır?
Əmlak eksperti Nofəl Quliyev deyir ki, çoxmənzilli binalarda mənzillərin sahəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarına əsasən daxildən hesablanmalıdır. Ekspertin sözlərinə görə, MTK rəhbərləri bu qaydalara əməl etməməklə vətəndaşlara orta hesabla 15-20 min manat zərər vururlar.
''Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması'' qaydalarına uyğun olaraq balkon və terrasların müəyyən sahələri müvafiq olaraq mənzilin ümumi sahəsinə daxil edilir. Bəs bunun hesablanması necə aparılmalıdır?
Bəzi hallarda vətəndaşlar arasında balkon və eyvanın fərqi ilə bağlı anlaşılmazlıq da yaranır. Məlumat üçün bildirək ki, balkon- fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan isə binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir.
Xatırladaq ki, bu cür hesablama yalnız yeni tikili binalar üçündür. Çünki köhnə tiklilərdəki mənzillərin çıxarışı qaydalara uyğun hesablanıb və qeyd edilib.