KTMT sədri Azərbaycan sərhədinə gəldi, ermənilərə xəbərdarlıq etdi
MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Ermənistanda işçi səfərdə olan Stanislav Zas bu gün Ermənistanın Vedi rayonundakı Arazdəyən (Erasx) kəndindəki hərbi mövqelərdə olub.
Onu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Andranik Makaryan müşayiət edib.
Arazdəyəndə , Naxçıvanın Sədərək rayonunun Heydərabad kəndi ilə üzbəüz məkandakı mövqedə olarkən o, sərhəddəki situasiya ilə tanış olub.
S.Zas sərhəddəki dayaq mövqesində erməni hərbçilərlə söhbət edib.
O, Ermənistanın Müdafiə Nazirliyini problemi sülh yolları ilə həll etmək istiqamətində daha aktiv çalışmağa çağırıb.
Xatırladaq ki, məhz Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutulur.
S.Zas İrəvanda olarkən bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədindəki insidentlər KTMT üzvü olan Ermənistanın təhlükəsizliyi üçün təhdiddir.
"Mütəşəkkil şəkildə, o cümlədən Ermənistanın müvafiq dövlət strukturlarının köməyi ilə monitorinqlər keçiririk. Təbii, hesab edirik ki, sərhəddəki insidentlər KTMT üzvü olan Ermənistanla yanaşı, KTMT-nin Cənub məsuliyyət zonası üçün təhdiddir. Problemin həll yollarına gəldikdə isə, düşünürük ki, situasiyanın siyasi yollarla həll imkanları tükənməyib. Gerçəkdən də, bu, hamı üçün ən yaxşı variant olardı. Baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş anlaşmanın gerçəkləşdirilməsini, regionda sülhün bərqərar olmasını çətinləşdirir", - S.Zas deyib.
Daha sonra İrəvanda Nikol Paşinyanla görüşən S.Zas sərhəddəki olaylardan KTMT-nin narahat olduğunu vurğulayıb. Paşinyla görüşündə də S.Zas problemlərin sülh yolu ilə həllinin önəmli olduğunu vurğulayıb.
Xatırladaq ki, KTMT-də növbəti sədr rotasiya qaydası ilə Ermənistan olacaq.
Beləliklə, İrəvanda Ermənistan rəhbərliyinə faktiki olaraq xəbərdarlıq edən və sərhəddəki insidentlərin ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının gerçəkləşdirilməsinə mane olduğunu vurğulayan S.Zas həm də Ermənistan rəhbərliyinin KTMT-ni prosesə qatmaq niyyətlərinə qarşı çıxdığını aşkar deyib.
Orxan Hun