azia.az
azia.az

Çimərliklərdə polis məntəqələrinin yaradılması təklif olunur

10-08-2021, 21:12

Çimərliklərdə polis məntəqələrinin yaradılması təklif olunur
Son günlər sosial mediada bir qrup insanın çimərlik ərazisini qəsdən çirkləndirməsilə bağlı görüntülər yayılıb.

Bu da vətəndaşlar arasında ciddi narazılıq doğurub. Düzdür, hadisəni törədən şəxslər cərimələnsələr də, şikayətlərin ardı kəsilmir. Bəs bu cür halların qarşısını almaq üçün nə etmək lazımdır?

Azia.az-in məlumatına görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondunun prezidenti, ekoloq Rauf Sultanov “report”a açıqlamasında deyib ki, çimərliklərin çirkləndirilməsinin əsas səbəbi əraziyə nəzarətin zəif olmasıdır:

“Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirlikləri istifadəsi məqsədəuyğun olan çimərliklərin siyahısını açıqlayır.

Monitorinqlər zamanı məlum olur ki, sakinlər siyahıda olmayan çimərliklərdən də yararlanırlar. Həmin çimərliklərdən istifadə etmək isə insan sağlamlığı üçün olduqca zərərlidir.

Əgər 1 litr suda icazə verilən bağırsaq çöplərinin miqdarı 5 mindirsə, dəniz suyunun bakterioloji müayinələr üçün götürülən nümunələrində bu göstərici normadan dəfələrlə yuxarı olur.

Nəticədə həm antisanitar şərait yaranır, həm də ətraf mühitin çirklənməsi prosesi bir az da aktuallaşır. Səbəb isə insanların həmin çimərliklərdən istənilən zaman istifadə edə bilmələridir. Ona görə də ilk növbədə bunun qarşısı alınmalıdır”.

Ekoloq çimərliklərdə təmizliyə nəzarətin təmin olunması və digər hadisələrin baş verməməsi üçün polis məntəqələrinin yaradılmasını təklif edib:

“Əhaliyə ictimai nəzarət çox çətindir, ancaq mümkünsüz deyil. İnsanlar etdikləri hərəkətlərin cinayət olduğunu dərk etməlidirlər. Əgər bunu anlamırlarsa, məsələyə polisin qarışması olduqca vacibdir”.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentindən bildirilib ki, ictimai çimərliklər ödənişsiz olduğundan axın da çox olur:

“Belə olduğu təqdirdə nəzarəti tam təmin etmək çətinləşir. Ancaq biz yenə də üzərimizə düşən öhdəlikləri yerinə yetiririk.

Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonundakı “Şıx” çimərliyi ərazisində - ümumilikdə 6 yerdə fəaliyyət göstərən çimərliklər Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir.

Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılır. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitar qovşaqlar və duşlar yoxlanılır, qaydaya salınır.

Hazırda sosial şəbəkələrdə yayılan videolar əsasında ətraf mühitin qorunması və pandemiya qaydalarına əməl olunması ilə bağlı çimərlik ərazilərində maarifləndirici lövhələr, poster və elanlar daim yenilənir.

Ümid edirik ki, məhz bundan sonra insanlar ətraf mühiti çirkləndirməyin özlərinə yönəlmiş bir təhdid olduğunun fərqinə varacaqlar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi